İpoteka hesabına mənzil sahibi olanların sayı artacaq

24 İyun 2016 09:30 (UTC+04:00)

Azərbaycan gələn il yanvar ayının 1-dən elektron ipoteka sistemini tətbiq edəcək. Belə bir sistemin tətbiqi ipoteka bazar iştirakçılarına-Müvəkkil Kredit Təşkilatlarına (MKT), Sığorta və Qiymətləndirici şirkətlərə bütün texniki prosedurları real vaxt rejimində həyata keçirilməsinə imkan verir. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətlənməsini və sistemin səmərəli fəaliyyətini təmin edir.

Sistemin tətbiqi vətəndaşların müraciətlərinə baxılmasında növbəliyin təmin edilməsinə, biznes proseslərin şəffaflığının daha da artırılmasına, kreditlərin rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, müvəkkil banklar və Fond tərəfindən maliyyə risklərinin idarə olunmasına, ümumilikdə isə ipoteka kreditləşməsinin sadələşdirilməsinə xidmət edir.

Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə bu qənaətdədir ki, elektron ipoteka sistemi daşınmaz əmlak bazarına yeni bir aktivlik gətirəcək: "Beləliklə, Prezidentin məlum sərəncamı əsasında üzümüzə gələn ilin yanvarın 1-dən Azərbaycanda elektron ipoteka sisteminin tətbiqinə başlanılacaq. Hazırda bu istiqamətdə müəyyən işlər gedir. Sistem tam formalaşdıqdan sonra əlbəttə ki, ondan həm vətəndaşlar, həm də müvafiq qurumlar yararlana biləcəklər. Bu addımın atılması ilk növbədə imkan verir ki, vətəndaşlar şəffaf şəkildə elektron sistemindən yararlanaraq sənədlərini heç bir növbəyə durmadan, vaxt itkisinə yol vermədən elektron qaydada müvafiq müvəkkil banklara təqdim edə bilsinlər.

Belə bir prosesin işə düşməsi sənədləşmə prosesində yaşanan süründürməçilik, bürokratik halların aradan qaldırılması deməkdir. Belədə vətəndaş üçün də əlavə vaxt yaranır. Prosesin reallaşması gedişində kifayət qədər informasiyalar olacaq ki, vətəndaş onunla tanış olduqdan sonra aldığı məvacibə uyğun olaraq ona ayrılacaq məbləğin həcmini hesablaya biləcək. Məsələn, vətəndaşın aylıq məbləği 800 manatdır. Bunun qarşılığında ona 45 min manat kredit ayrılır. Götürdüyü mənzilin ilkin qiyməti olaraq 20 faizini müştəri özü ödəyir və ona da hardasa 55-60 min manat civarında olan mənzil almaq imkanı yaradılır. Elektron ipoteka sistemi vətəndaş üçün şəffaflıq, obyektivlik baxımından mühüm əhəmiyyətə malikdir.

Elektron ipoteka prosesinin işlənməsi daşınmaz əmlak bazarında yeni bir aktivliyin yaranmasına gətirib çıxaracaq. Vətəndaş mənzilə sahib olur. Mənzili satan da sonradan gedib başqa mənzilə sahib olur. Yəni bütün hallarda elektron ipoteka sistemi bazarda dinamikanın artmasına stimul verən bir prosesidir. Hazırda isə daşınmaz əmlak bazarında vəziyyət heç də ürəkaçan deyil, alqı-satqı prosesi zəifdir. Bazarın aktivləşməsinə səbəb olan amildən biri də nağd vəsaitin vətəndaşın əlində olması halıdır. Bu vaxta qədər ipoteka sahəsində böyük layihələr olub. Ona görə bazarda həmin dövrdə canlanma var idi. Amma son dövrlərdə proses zəifləyib. Həm də keçən ilin oktyabr ayından bu günə qədər vətəndaşlara ipoteka ayrılmır".