Qərbin güclü Türkiyə qorxusu

24 İyun 2016 09:37 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının plenar iclasında Türkiyə ilə bağlı müzakirə keçirilib. AŞ PA-nın iyunun 22-də keçirilən plenar iclasında Türkiyədə demokratik təsisatların fəaliyyəti adlı hesabat ətrafında müzakirələr keçirilərək, qardaş ölkə ilə bağlı hesabat qəbul olunub. AŞPA-nın Monitorinq komitəsinin Türkiyə üzrə həmməruzəçiləri, norveçli İngebyörq Qodkesen və serbiyalı Nataşa Vuçkoviçin hazırladıqları hesabat Türkiyənin 2004-cü ildə qurumun postmonitorinq mərhələsinə keçməsindən sonra ən sərt hesabat kimi qiymətləndirilir. Hesabatın mahiyyətin əbaxdıqda aydın görmək olar ki, Qərbdə Türkiyəyə qarşı təxribat fəaliyyəti davam edir.

Siyasi şərhçi Azər Həsrətin fikrincə, Türkiyənin müstəqil siyasət yürütməsini Qərb həzm edə bilmədiyindən ona qarşı düşmənçiliyi də gücləndirib: "Avropada Türkiyəyə olan düşmənçiliyin kökündə həm də tarixi səbəblər dayanır. Tarixən Avropa Türkiyə kimi dövlətin olması, onların köhnə qitədə hökmranlıq etməsini həzm edə bilməyib. Eyni zamanda, Qərbdən gələn bu düşmənçiliyin günümüzlə bağlı olan səbəbləri də yox deyil.

Burada konkret söhbət ondan gedir ki, Türkiyə dövləti son illər müstəqil siyasət yürütməklə məşğuldur. Yəni Türkiyə faktiki olaraq, öz istiqamətini müəyyənləşdirərkən əvvəlki illərdən fərqli olaraq daha Qərblə hesablaşmır. Bu baxımdan da Türkiyəni çökdürmək, özlərinə tabe etdirmək üçün ona qarşı münasibətdə aqressivləşiblər.

Avropa Şurası Parlament Assambleyası, Avropa Birliyi və digər təşkilatlar bu məsələlərdə daha aqressiv davranmaqla istəyirlər ki, Türkiyəni özlərindən asılı vəziyyətə sala, özlərinə tabe etdirə bilsinlər. Amma düşünmürəm ki, bu yolla onlar istədiklərinə nail ola biləcəklər. Çünki bu gün Türkiyə yetərincə öz siyasətini müstəqil şəkildə yürütmək gücündədir. Türkiyənin müstəqil siyasət yürütməsinin arxasında bir sıra başqa amillər də var. Söhbət ondan gedir ki, 10-15 il öncəki Türkiyə yürütdüyü siyasətdə müəyyən məsələlərdə müstəqil davransa da, bir çox hallarda Qərbin də marağını nəzərə almağa məcbur olurdu. İndi isə prezident rəcəb Tayyip Ərdoğan faktiki olaraq Qərbin diktəsinə boyun əymir. Boyun əymədiyindən də Türkiyədə terror hadisələri çoxalıb, PKK gücləndirilib, eyni zamanda təbliğat cəbhəsində qardaş ölkəyə qarşı hərəkatlar başlayıb".

Politoloq Cümşüd Nuriyev də qeyd etdi ki, Türkiyə gücləndikcə Qərbin ona qarşı nifrət və düşmənçiliyi də artır: "Tarixən Avropa Türkiyənin güclü dövlət olmasında maraqlı olmayıb. Hər fürsətdən istifadə edərək Avropa Türkiyədən başqa dövlətlərə qarşı mübarizədə istifadə etməyə çalışıb. Belə ki, vaxtilə Avropa Türkiyədən çar Rusiyası, sonra da sovet imperiyasına qarşı istifadə etməyə çalışıblar.

Avropa son 60 il ərzində Türkiyəyə qarşı ancaq təxribatla məşğul olub. Bu fonda da Türkiyədə demokratiyanın olmamasını bəhanə kimi ortaya atıblar. Necə ola bilər ki, Avropanın 12 ölkəsi hələ də monarxiya rejiminində yaşayır. Monarxiya olan yerdə isə hansı demokratiyadan danışıla bilər? Əslində, Avropa İttifaqı kimi qurumun özü də bir oyuncaqdır. Bütün Avropanın başında dayanan ingilislərdir. Dünyada 100 milyon ingilis olmasa da, hazırda dünyanın 36 ölkəsi ingilis dilində danışır. Onlar bu dili dünyanın vahid dilinə çevirə bildilər. Başqa bir tərəfdən o da var ki, Türkiyə AŞPA-nın verdiyi qərarları tamamilə icra etsə də belə, Avropa Ankaraya qarşı qərəz mövqeyindən əl çəkməyəcək. Qərb 600 il ərzində Osmanlı İmperiyasının Avropanı nəzarət altında saxlamasını unuda bilmir. Qədim dövrə baxsaq görürük ki, Roma İmperiyasını dağıdan da Atillanın timsalında türklər olub. Hazırda Avropada xalqıarın ölməsi prosesi gedir, yerli xalqların sayı sürətlə azalır. Habelə Avropada ateizm baş alıb gedir. Fransada əhalinin 31 faizi, Almaniyada 30 faizi ateistlərdir. Bu fonda İslam dininin Avropaya köçü güclənib. Vatikanın hesablamalarına görə, 2025-ci ildə dünya əhalisinin 35 faizini müsəlmanlar təşkil edəcək və onların sayı 2 milyardı keçəcək. Xristianlarin sayı isə azalır. Ona görə də Qərbin Türkiyəyə, İslam dünyasına olan düşmənçiliyi ona nifrətdən, qısqanclıq və göz götürməməzlikdən qaynaqlanır".