Gədəbəydə 6 avtomobili yandıran şəxslə bağlı yeni faktlar üzə çıxdı

27 İyun 2016 14:45 (UTC+04:00)

Gədəbəydə 6 avtomobili yandıran 25 yaşlı gənc Novruz Vəliyev barədə yeni faktlar ortaya çıxıb. Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Gədəbəy rayonunun Fərzalı kənd sakinləri məlumat verib.


Sakinlər bildirirlər ki, həmin şəxs kənddə dəfələrlə təxribatlar törətsə də, onun barəsində ciddi tədbir görülməyib:


"Bu, onun birinci hadisəsi deyil. Dəfələrlə kənddə hadisə törətməyə cəhd edib. Kənddə boş qalan evləri bir neçə dəfə yandırmağa cəhd edib. Sakinlərin müdaxiləsindən sonra onun belə hərəkətlərinin qarşısı alınıb. Təxminən 6-7 ay əvvəl Fərzalı kəndində bir evi benzin töküb yandırdı. Evin sahibi İsrafil Əliyev və onun həyat yoldaşı rəhmətə gedəndən sonra ev boş qalmışdı. Novruz da evin boş qalmasından istifadə edərək evə benzin töküb yandırmışdı. Hadisədən sonra polis onu saxlayaraq müalicəyə göndərdi. Amma az müddətdən sonra yenidən buraxdılar".


Sakinlər deyirlər ki, N. Vəliyev yaşadığı kənddə və yaxınlıqdakı kəndlərdə hamını hədələyib, birinin evini, birinin maşınını yandıracağını bildirib.


Sonuncu hadisədən sonra Novruz Vəliyev Bakıdakı ruhi əsəb dispanserlərindən birinə təkrar müalicəyə göndərilib.