Bu qadınlarla evlənmək olmaz!
28 İyun 2016 09:15 (UTC+04:00)
Quranda bəzi qohumlarla evlənmək qadağan
edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi
səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz
olmayan qadınlara "məhrəm" deyilir.
Bəs görəsən "Qurani-Kərim"ə görə kişilər üçün
haram sayılacaq qadınlar kimlərdir?
Movqe.az azxeber.com-a istinadən İslamda kişilər
üçün haram buyrulmuş qadınların kimlər olduğunu təqdim
edir:
"Atalarınızın evlənmiş olduğu qadınlarla
evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər
müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın
qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız, qızlarınız,
bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın
qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və
yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey
qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız
qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir.
Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki
bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət
dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir olaraq) sahib
olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq
Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardanbaşqaları
isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf
edərək evlənmək üçün sizə halal edildi. İstifadə(mütə) etdiyiniz
qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən
sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah
yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"
(Nisa, 4/22-24)
Din alimlərinin də birldiyi və ayədə qeyd edildiyi
kimi aşağıdakı şəxslərlə evlənmək qadağandır:
Atanın həyat yoldaşı: Bundan məqsəd ögey anadır.
Atanın nikahında olan və ya boşanan ögey ana ilə evlənmək
haramdır.
Ana: Bu, nənələrə də şamildir.
Qız: Nəvələrə də şamildir.
Bacı: Doğma bacı və ya bir tərəfi ögey (anabir,
atabir) bacılar.
Bibi: Atanın doğma və ya ögey
bacıları.
Xala: Ananın doğma və ya ögey
bacıları.
Qardaş uşaqları.
Bacı uşaqları.
Sadalanan kişi və qadınlar bir-birinin məhrəmidir,
yəni onlara bir-biri ilə evlənmək həmişəlik
haramdır.
Süd anası: Körpənin ilk iki yaşında südünü əmdiyi
qadın onun süd anası sayılır və həmin qadınla evlənmək ona
haramdır.
Süd bacı-qardaşlar: Süd ananın doğma oğlu və
qızları əmizdirdiyi körpənin süd bacı-qardaşları sayılır və
bunlarla evlənmək də caiz deyil.
"Nəsil (soy) birliyindən haram olanlar süd (əmmək)
səbəbilə də haramdır."
Buna görə süd ananın "üsul" (ata-ana, baba-nənə…)
və "fürusu" (uşaqlar, nəvələr…) ilə süd əmən övladın evlənməsi
haramdır. Həmçinin həmin qadından süd əmən başqaları ilə də evlənə
bilməz.
Qayınana: Bir qız ilə nikahlanan (aralarında cinsi
əlaqə olmasa belə) o qızın anası ilə evlənə
bilməz.
Ögey qız: Bir qadınla nikahlanıb cinsi əlaqədə
olan kimsə, o qadının (başqa kişidən olan) qızı ilə də evlənə
bilməz.
Gəlin: Oğlunun xanımı ilə evlənmək
haramdır.
Baldız: İki bacıdan bir ilə evli olan (boşanmadan
və ya xanımı ölmədən) baldızı ilə evlənə bilməz. Hədislər, xanımın
xala və bibisi kimi yaxınlarını da baldız hökmünə aid
etmişdir.
Evli qadın: Başqası ilə evli qadın boşanıb və ya
əri ölüb iddət müddətini bitirmədiyi müddətcə ikinci kişi ilə
evlənə bilməz.
Başqa dindən olanlar: "Müsəlman olmayanlar eyni
zamanda əhli-kitab da deyildirsə, onlarla evlənmək müsəlman kişi və
qadınlar üçün haramdır." (Bəqərə, 2/221)
"Əhli-kitab olan qeyri-müslimlərə gəldikdə isə,
bunlardan qız almaq caizdir; müsəlman kişilər yəhudi və xristian
qadınlarla evlənə bilərlər"(Maidə, 5/5).
"Ancaq bunlara qız vermək caiz deyil; yəni
müsəlman qadınlar müşrik və dinsizlərlə evlənə bilməyəcəkləri kimi,
yəhudi və xristian kişilərlə də evlənə bilməzlər." (Bəqərə, 2/221;
Mümtəhinə, 60/10)
Müsəlman qadın müsəlman olmayan kişi ilə
evlənərsə, onun yaşayışını, həyat tərzini mənimsəyəcək, dünyaya
gətirəcəyi uşaqlar da ehtimal ki, atanın dininə tabe olacaqlar.
Bundan başqa qadının dini həyatı da təhlükə altında
qalacaqdır.
Müsəlman kişi qeyri-müsəlman qadınla evləndiyi
təqdirdə həm onun hidayətə qovuşması ehtimalı artacaq, həm də
dünyaya gələcək uşaqlara ata hakim olacaqdır.
Zinakar: "Zinakar kişi ancaq zinakar və ya müşrik
bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya
müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram
edilmişdir." (Nur, 24/3). Bir müsəlman kişinin zinakar qadınla
evlənməsi caiz deyil. Ancaq tövbə edən
müstəsnadır.
Əvvəllər zina etdiyi bilinən, lakin buna davam
etməyən mömin qadın və kişi ilə evlənmək məkruh olmaqla yanaşı,
nikah əqdi səhih (mötəbər) sayılır. Alimlərin əksəriyyəti bu
fikirdədir.