Buraxılış imtahanında 257 şagird ən yüksək bal topladı

28 İyun 2016 10:22 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 25-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında 257 nəfər maksimal nəticə göstərib.


Komissiyadan Movqe.az-a verilən məlumata görə, buraxılış imtahanında 103 nəfər 9-cu sinif şagirdi maksimum nəticə göstərərək 60 bal, 154 nəfər 11-ci sinif şagirdi isə 90 bal toplayıb.


İmtahanlar Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.


9-cu siniflər üçün buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetirmişlər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.


İmtahanda iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib, 1 nəfərin isə sual kitabçası və cavab kartını imtahan binasından çıxartmağa cəhd göstərdiyi üçün imtahan nəticələri ləğv olunub. İştirakçılardan 103 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.


XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirmişlər. İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqə müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.


İmtahanda iştirakı nəzərdə tutulan 24679 şagirddən 289 nəfəri imtahana gəlməyib. 21 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 154 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.