XİN: İstanbuldakı partlayışda zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

29 İyun 2016 10:09 (UTC+04:00)

"İstanbulun Atatürk hava limanında törədilən partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır".

 

Bunu Movqe.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, hadisə zamanı zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə araşdırır.

 

Qeyd edək ki, ötən axşam İstanbulun Atatürk hava limanında beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Hadisə yerinə gələn Türkiyənin baş naziri Binəli Yıldırım terror aktı nəticəsində 36 nəfərin öldüyünü, 147 nəfərin isə yaralandığını bildirib.