Azərbaycanlı iş adamları Ukraynadan bizneslərini geri çəkirlər

30 İyun 2016 09:15 (UTC+04:00)

Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərində naməlum şəxslər azərbaycanlı iş adamını oğurlayaraq öldürüblər. Donetsk vilayəti Azərbaycanlılar Konqresindən verilən məlumata görə, əslən Azərbaycanın Şabran rayonundan olan, Ukrayna vətəndaşı İlqar Aşurov yaşadığı Qorlovka şəhərində avtomobili ilə birgə naməlum şəxslər tərəfindən oğurlanıb.

Bir neçə gün sonra onun meyiti şəhərdə istifadəyə yararsız zavodların birinin həyətində tapılıb. Meyitin üzərində ağır işgəncə əlamətləri olub. Onun döyülərək öldürüldüyü ehtimal edilir.İ.Aşurovu öldürən şəxslər xarici markalı avtomobilini və maşındakı külli-miqdarda pulu aparıblar.

Qeyd edək ki, Ukraynada azərbaycanlı iş adamlarının öldürülməsi faktı ilk deyil. Ümumiyyətlə, son il yarım ərazində tez-tez azərbaycanlı biznesmenlər burada qətlə yetirilir. Cinayətlərin də əksəriyyəti quldurluq zəminində baş verib. Bu fonda fikirlər səsləndirilir ki, iş adamları Ukraynadan bizneslərini geri çəkə bilərlər. Hansı ki, Ukrayanda döyüşlər başlayandan bəri belə faktlar qeydə alınıb. Yeni istiqamətlər kimi isə əsasən Azərbaycan, Gürcüstan, Türkiyə, eləcə də Rusiyanın adı göstərilir. Eyni zamanda kapitalın yerdəyişməsində bunu əsas faktor hesab etməyənlər də var.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, hər bir sifarişli qətlin arxasında maraqlar durur: "Bu, sırf iqtisadi maraqlar olmaya bilər. İqtisadi, siyasi, hətta etnik zəmində mümkündür. Dəfələrlə hansısa biznesmenin hansısa siyasi dairələri dəstəklədiyi üçün qətlə yetirildiyi faktları olub.

1990-ci illərin əvvəlində Rusiyada etnik zəmində iş adamlarının öldürülməsi faktları olub. Yəni, müxtəlif motivlər ola bilər. Amma oxşar hadisələr Ukraynanın hərbi əməliyyatlar keçirilmədiyi yerlərində də baş verərsə, deməli, biznes dairələri arasında çəkişmələr gedir. Əgər azərbaycanlı iş adamları daim təqib olunurlarsa, bunun təsadüfən baş verdiyini demək olmaz. Konkret olaraq hədəf azərbaycanlı biznesmenlərdisə, hadisələrin etnik zəmində baş verməsi mümkündür. Yaxud da orada Azərbaycan biznesmenləri böyük siyasi nüfuza malikdirlər ki, müəyyən daiələr üçün onların öldürülməsi vacibdir.

Bütün hallarda azərbaycanlı biznesmenlərə qarşı təqiblər geniş miqyas alarsa, həmin şəxslərin müəyyən biznes fəaliyyətlərinin daraldığının şahidi ola bilərik. Yəni, iş adamları kapitallarının bir hissəsi fərqli ölkələrə yerləşdirə bilərlər. Ukraynadan gələn iş adamları üçün isə ən məqbul bazar Azərbaycan və Türkiyədir. Nəzərə alaq ki, Ukraynada hərbi əməliyyatlar başlayan zaman bir qism azərbaycanlı iş adamları öz bizneslərini hətta Gürcüstan ərazisinə keçirdilər. Odur ki, kriminal dairələrin təzyiqi güclənərsə, kapitalın çıxarılması prosesi bir qədər də sürətlənə bilər. Lakin Ukrayna hökuməti bunda maraqlı deyil. Ukrayna bütün vəchlə kriminal dairələrlə mübarizəyə çalışır. Hələlik hadisələri millətləarası müstəviyə keçirmədən maraqların toqquşması kimi dəyərləndirmək olar".

İqtisadçı-ekspert Yusif Vəliyev isə kapitalın yerdəyişməsində bu faktoru əsas hesab etmir: "Rusiya-Ukrayna gərginləşməsi dövründə oxşar hadisələr hər zaman baş verib. Yəni, yalnız Azərbaycan yox, digər millətlərdən olan iş adamları da qətlə yetirilib. Lakin sırf bu hadisələrə görə, azərbaycanlı biznesmenlərin oradan qayıtması real görünmür.

Qayıtma ehtimalı iqtisadi amillərlə də bağlı ola bilər. Yaxud da dövlət tərəfindən qəbul edilmiş hansısa qərarlar oradakı bisnemenləri Azərbaycana qaytara bilər. Ancaq onu da nəzərə alaq ki, bizim biznesmenlərin böyük əksəriyyəti oranın vətəndaşlığını qəbul ediblər. Yəni, xarici yox, yerli biznesmen kimi iştirak edirlər. Odur ki, yalnız iqtisadi səbəbdən və ciddi böhrandan geri dönüş ola bilər".