Sıx tikilən fərdi evlərdə yaşamaq sağlamlıq üçün təhlükəlidir-Xəbərdarlıq!

30 İyun 2016 13:57 (UTC+04:00)

Paytaxda elə yaşayış binaları var ki, həmin binalarda yaşayan sakinlər bir-birləri ilə elə eyvandan, pəncərəni açmaqla ünsiyyət qura bilərlər. Bu məsələ dəfələrlə tənqid olunduqdan sonra özəl tikinti şirkətlərinin iki sot torpaq üzərində bina inşa etmək arzusu qismən də olsa məhdudlaşdırıldı. Şəhərin mərkəzində yaranmış bu problem artıq qəsəbələrdə, yeni yaşayış massivlərində də müşahidə olunur. Şəhərə nisbətən Bakıətrafında topraq ucuz olsa da, son vaxtlar qəsəbə və kəndlərdə də sıxlıq yaranıb. Bakıətrafında elə yaşayış massivləri var ki, 1,5 sot torpaq üzərində üç-dörd fərdi ev inşa edilib. Bu cür fərdi evlərdə yanğın təhlükəsi ilə yanaşı havasızlıq problemi olsa da, bəzən bu cür tikililərə "kupça" belə verilir. Bakının Baş planının müəlliflərindən biri, tanınmış memar Feyzulla Quliyev Movqe.az-a açıqlamasında Bakıətrafındakı yaşayış massivlərində xaotik tikintinin Şəhərsalma Tikinti Məcəlləsinə,Baş Plana zidd olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, Şəhərsalma Tikinti Məcəlləsində baş plan ərazisinin funksional istifadə planı, zonalaşdırma öz əksini tapıb: "Müfəssəl planda evlərin sıxlığı, pəncərələrin sayı, bütün bölgülər açıq-aşkar göstərilir.Çox təəssüf ki, nə Bakının mərkəzində, nə də ətrafında yaşayış evlərinin tikintisi zamanı müfəssəl plana əməl olunur. Bakıda iki sotun üzərində göydələn ucaldan tikinti şirkətləri var. Halbuki, normada ən azı yaşayış binası üçün ərazi 6 sot olmalıdır".


F. Quliyev deyir ki, qanunla müfəssəl plan təsdiq olunmamış yaşayış binasının, evinin tikintisi aparıla bilməz. Çünki müfəssəl planda yaşayış binasında, fərdi evin inşasında bölgülər dəqiqliyi ilə göstərilməlidir. Binanın tikintisində bütün normalar qorunursa,  həmin binanın, fərdi evin inşasına icazə verilə bilər. Çox təəssüf ki, nə Bakının mərkəzində, nədəki ətrafında müfəssəl plana əməl olunmur. Bakıətrafında bələdiyyələr, icra hakimiyyətləri müfəssəl planın tələblərinə  nəzarət etmirlər. Ona görə də, artıq Bakıətrafında salınan yaşayış massivlərində də fərdi evlərin inşasında xaotiklik hökm sürür. Fərdi evlər bir-birinə həddindən artıq yaxın məsafədə inşa olunur. Fərdi evlərin pəncərələri bəzən qonşunun evinin pəncərəsi ilə üz-üzrə inşa olunur. Günəş işığının düşmədiyi, havalandırmanın olmadığı, yanğınsöndürmə avtomobillərinin şlanklarının çatmadığı evlərin inşasına icazə verilməsi qadağandır. Yanğın baş verdikdə, bu evlərin hər biri yanıb kül olacaq".


F. Quliyev təhlükəsizlik qaydalarına riayət olunmadan inşa olunan fərdi evlərdə zəlzələ yaxud hər hansı təbii fəlakət olarsa insan itgisiz ötüşməyin qeyri-mümkün olduğunu söyləyir.

Terapevt Emin Dadaşzadə isə hava axını olmayan, günəş işığı düşməyən evlərdə yaşayan insanların immun sisteminin daim aşağı olduğunu, bu cür şəraitdə vərəm çöplərinin belə inkişaf etdiyini söyləyir: "Yaşayış binası, fərdi ev tikintisində mütləq günəş işığının düşmə bucağı hesablanmalıdır. Hava axını üçün şərait olmalıdır. İstər bina evində, istər fərdi evlərdə bu normalara əməl olunmalıdır. Bina evlərinə nisbətən, fərdi evlərdə hava axını üçün şəraitin olmaması, sıxlıq müxtəli xəstəliklərə səbəb olur. Həyət evlərində nəmişlik daha çox olur. Ona görə də, fərdi evlərin tikintisində o evdə yaşayanların sayı belə pəncərə qoyularkən nəzərə alınmalıdır. Evə mütləq günəş şüasi düşməlidir. Evdə havanın təmizlənməsi üçün hava axınına şərait olmalıdır. Evə günəş şüası düşmədikdə vərəm çöplərinin inkişafına əlverişli şərait yaranır. Bu da vərəmli xəstələrin sayının artmasına gətirib çıxardır. Günəş şüası düşməyən fərdi evlərdə böyüyən uşaqlarda mütləq raxitlik xəstəliyi meydana çıxır. Hava axını olmadıqda isə bu ürək, qan-damar xəstəliyinə səbəb olur. Beynin normal oksigen təminatı üçün əlverişsiz şərait yaranır. Ona görə də,fərdi evlərin inşasında mütləq hava axını, günəş şüası nəzərə alınmalıdır. Həddindən artıq sıxlıq olduqda, bu müxtəlif yoluxucu xəstəliklərin sürətlə yayılmasına gətirib çıxardır. Hər bir insanın nəfəs alması üçün normaya uyğun hava kütləsi olmalıdır. Çox təəssüf ki, fərdi evlərin çoxu iç-içə tikildiyindən bu əhəmiyyətli məqama diqqət yetirilmir. Elə daha çox xəstə insanlar da bu cür tikililərdə yaşayan insanlar hesab olunur. Sağlamlıq üçün insanın yaşadığı şərait mühüm rol oynayır. Havasız, günəş şüasının düşmədiyi yerdə yaşayan insanlar, açıq havada daha çox olan, hava axını normal olan yerdə yaşayanlara nisbətən tez xəstələnir".