Minsk qrupu həmsədləri arasında Qarabağ rəqabəti

1 İyul 2016 09:07 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin həllində indi də Fransanın aktivləşdiyi hiss olunur. Fransanın xarici işlər naziri Jan Mark Eyro rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib ki, Paris Dağlıq Qarabağ münaqişəsi üzrə yeni danışıqların keçirilməsi üçün məkan təqdim etməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də eyni mövqe sərgiləmişdi. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan dövlət başçısı Serj Sərkisyanın növbəti görüşü də məhz Fransada baş tutacaq. Bu haqda xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Almaniya xarici işlər naziri Frank Valter-Ştaynmayerlə keçirdiyi brifinqdə deyib. O bildirib ki, Fransa prezidentlərin növbəti görüşünə ev sahibliyi etmək üçün təklif verib.

Siyasi şərhçilərin Fransanın bu məsələdə aktivləşməsini müxtəlif aspektlərdən şərh edirlər. Millət vəkili Elman Məmmədov bildirdi ki, bu üç dövlətin həmsədrliyi problemin həll olunmasına maneçilik törədir: "Tək bu məsələdə yox, bütövlükdə dünya siyasətində onların mövqeləri bir-birinə ziddir. Buna görə də onların mənafeləri problemin həll olunmasına imkan verməz. Fransa görürür ki, son dövrlər problemin həlletmə təşəbbüsünü Rusiya öz üzərinə götürüb. Nəzərə alaq ki, bu, bizim üçün müsbət tendensiyadır. Çünki, problemin yaranmasında ya birbaşa, ya da dolayısı ilə Rusiyanın rolunu danmaq olmaz.

Problemi həll edəbiləcək bir dövlət var ki, o da Rusiyadır. Onlar da buna qısqanclıqla yanaşmaqla yeni problem yaratmaq istəyirlər. Ona görə can-fəşanlıq edirlər. Yəni, fransızların aktivləşməsi bizim xeyrimizə yox, ziyanımızadır. Rusiya bu təşəbbüsü əlində verməməlidir. Azərbaycanın da Rusiya ilə getdikcə istiləşən əlaqələri, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması, eyni zamanda Rusiyanın Cənubi Qafqazda gedən proseslərdə Azərbaycan ilə hesablaşması fonunda digər həmsədrlər cığallıq etmək fikrinə düşmüş ola bilərlər".

Millət vəkilinin fikrincə, bu aktivləşmə fonunda Qarabağ probleminin həllində irəliləyiş olacaq: "Ancaq istəyirlər ki, bu işdə onların adı hallansın. ABŞ və Fransa bu məsələdə həlledici rola malik deyillər. Onlar məşvərətçi kimi kənardan söz deyə bilərlər. Əsas söz sahibi Rusiyadır".

Siyasi şərhçi Vazeh Əsgərov bildirdi ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış bir qurumdur: "1996-cı ildən bəri Fransa, Rusiya və ABŞ, üç həmsədr ölkə kimi danışıqları təşkil edirlər. 20 il ərzində bir müsbət irəliyişə nail olmasalar da, danışıqların tək Rusiya ilə aparılması kökündən səhv anlayışdır. Əksinə, nəinki Fransa və ABŞ, eləcə də Minsk qrupunun tərkibi gündəmə gətirilməli, yeni tərəflər əlavə edilməli və yekun nəticə əldə etmək üçün beynəlxalq hüquqdan istifadə edilməlidir.

Fransa xarici işlər naziri Jan Mark Eyronun rusiyalı həmkarı Sergey Lavrov ilə baş tutmuş görüşü ərəfəsində Ukrayna və Yaxın-Sərq böhranı, terrorizm, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ilə bərabər Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Bu görüşlər real nəticələr əldə olunanadək üzv dövlətlərin etməli olduqları bir işdir. Münaqişənin həll olunması üçün təkcə görüşlər və müzakirələr deyil, konkret məsələlər ortaya qoyulmalıdır".

Politoloq əlavə etdi ki, üzv dövlət rəsmisinin görüş zamanı müzakirə olunmuş məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin də olması müsbət haldır: "Aprel hadisələrindən sonra münaqişənin həssaslıqla öyrənilməsi və yeni bir müharibənin alovlanmaması üçün addımlar atılması göz qabağındadır. Xüsusən də prezidentlərin Vyana görüşündən sonra Sankt-Peterburqda bir araya gəlməsi və əldə olunmuş nəticələr barəsində fikir mübadiləsinin aparılması buna bir misaldır. Ümid edirik ki, yaxın zamanlarda problemin həlli istiqamətində irəliyişə nail olunacaq".