Transmilli şirkətlərdə həmkarlar təşkilatı yaratmaq müşkülə çevrilir

1 İyul 2016 09:22 (UTC+04:00)

İqtisadiyyatın qloballaşması hökumətlər, o cümlədən işçilər və həmkarlar təşkilatları üçün mühüm əhəmiyyət daşıyır. Belə vəziyyət sosial müdafiə paketlərinin formalaşmasına, əmək haqqının səviyyəsinə, əmək şəraitinin keyfiyyətinə təsir edir. Transmilli korporasiyalarda daha çox və daha keyfiyyətli məhsul istehsal etməkdən ötrü rəqabətin təzyiqi güclü olur. Lakin bu rəqabət işçilərin hüquqlarına və layiqli əməklərinə görə sosial vəziyyətlərinə mənfi təsir etməməlidir. Buna görə də transmilli korporasiyalarda həmkarlar ittifaqlarının fəaliyyəti bəzən heç vaxt olmadığı qədər əhəmiyyət daşıyır.

Bu günlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev qeyd olunan xüsusda maraqlı bir açıqlama verib: "Transmilli şirkətlərdə işləyənlərdən bizə müraciətlər daxil olur ki, həmkarlar təşkilatı yaratmaq istəyirlər, amma qoymurlar. İşçilərə xəbərdarlıq edirlər ki, əgər belə bir təşkilat yaratsalar, işdən qovulacaqlar. Biz də bu kimi halların qarşısını almağa çalışırıq".

Qloballaşma beynəlxalq həmkarlar təşkilatlarının yaranmasını tələb edir. Milli həmkarlar təşkilatı da ölkədaxili fəaliyyətinin konturlarını beynəlxalq təşkilatlarla iş prinsipinə uyğunlaşdırmalıdır. Axırıncı iki onillikdə transmilli şirkətlərin sürətlə artması həmkarlar təşkilatlarına da təsirsiz ötüşməyib. Qloballaşma azad iqtisadi zonaların yaranmasına gətirib çıxardıb ki, bu da da transmilli həmkarlar fəaliyyətinin əsasını qoyub. Qeyd etmək lazımdır ki, THT (transmilli həmkarlar təşkilatı) azad ticarət zonaları ilə bağlı olaraq sərhədyanı ölkələrlə yanaşı ümumi sərhədə malik olmayan ölkələrdə də fəaliyyət göstərə bilər. Məsələn, Avropa İttifaqının transmilli həmkarlar təşkilatlarının əməkdaşlığı, yaxud Kanada və Çili arasında azad ticarət müqaviləsinin bağlanması buna misal ola bilər.

Lakin praktika göstərir ki, transmilli şirkətlərin rəhbərləri daha çox pul qazanmaq xatirinə həmkarlar təşkilatlarının yaranmasında maraqlı deyillər. Bu, tamamilə təbii tendensiyadır. Çünki, sahibkarlar elə hesab edirlər ki, onlar işçilərə mümkün olan hər cür şəraiti yaradıblar. Hər şeydən əvvəl yerli qanunvericilk aktları, iqtisadi meyarlar, işçinin istehlak səbəti, istirahət, sosial və tibbi sığorta hüquqları var. İşəgötürən işçi ilə müqavilə bağlayarkən bütün bunlar öz əksini tapmalıdır.

Bu gün inkişaf etmiş ölkələrin bəzilərində bilavasitə müəssisələrdə həmkarlar ittifaqlarına ehtiyac qalmır. Çünki, iş üzrə bağlanmış müqavilədə münasibətlərin və hüquqların hər bir aspekti həm qanuni əsaslarla, həm də ikitərəfli razılaşma ilə ifadə olunur. Məsələn, Fransa Respublikasında adi ev qulluqçusu da qanuni əsaslarla işə götürülür və o qulluqçu yox, işçi statusu daşıyır. Sahibkar onun hər saatına 13 avro ödəyir və bu məbləğin 10 avrosu bilavasitə işçinin cibinə daxil olur.

İngiltərədə isə kollektiv hüquqların pozulması ilə özü məşğul olmur. Əməkçilər bank hesabı açıb, hesaba adambaşına müəyyən məbləğ toplayırlar. Müdiriyyətlə mübahisəli məsələ yarananda həmin vəsaitlə vəkil tutur və onun vasitəsilə məhkəmədə hüquqlarını qorumağa çalışırlar.

Bizdə isə vəziyyət xeyli dərəcədə fərqlənir. Çünki, həmkarlar ittifaqları haqda sovet cəmiyyətindən qalma təsəvvürlər hələ də öz gücünü saxlayır. İnsanlar bu təşkilatlara istirahət məkanlarına ücüz yollayışlar verən, ildə bir dəfə maddi yardım göstərən qurum kimi baxırlar. Belə təsəvvürlə yaşayanların özlərinin həmkarlar təşkilatı yaratmaları məntiqi görünmür. Çünki, onlar köhnə əyyamlarda olan kimi "müdiriyyətə qarşısında işçilərin hüquqlarını qoruyan təşkilatın məhz elə müdiriyyət tərəfindən də yaradılmasını" gözləyirlər. Amma əslində, vəziyyət dəyişib. Daha yuxarıdan gələn göstərişlər yığışdırılıb. Bu, cəmiyyətimizin demokratiyaya doğru inkişafından irəli gələn təmayüldür. Beynəlxalq təcrübə də bunu ehtiva edir. Əgər həmkarlar təşkilatının yaranmasına rəhbərlik müxtəlif vasitələrlə mane olursa, onda İngiltərə təcrübəsindən istifadə etmək olar: məsələni vəkil vasitəsi ilə məhkəmədə həll etmək.