Çimərliklərin qum probleminin səbəbləri açıqlandı

2 İyul 2016 08:00 (UTC+04:00)

"Çimərliklərdən qumun qeyri-qanuni aparılması faktları var". Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Onun sözlərinə görə, qeyri-qanuni qum daşınması faktı təkcə çimərliklərdə yox, bağ ərazilərində də aşkarlanır: "Hətta kimsə öz bağından qumu satır. Halbuki, bağın üstü ona məxsusdur, yerin təki yox".

Nazir əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının bu ilin ötən dövrü ərzində apardığı nəzarət tədbirləri zamanı çimərlik zonalarından və digər ərazilərdən qanunsuz qum daşınması ilə bağlı 58 fakt aşkar edilib, həmin faktlarla bağlı 51 şəxsə 53400 manat inzibati qaydada cərimə və təbiətə vurduqları 22100 manat ziyan tətbiq edilib: "Tədbir görülməsi üçün 7 qanun pozuntusu faktı üzrə hüquq mühafizə orqanlarına müraciət edilib".

Mütəxəssislərin sözlərinə görə, bu hadisə qanun pozuntusu ilə yanaşı, ciddi ekoloji pozuntu yaradır. Hadisə isə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev "Mövqe"yə bildirdi ki, nazirlik təsirli tədbirlər görür: "Əvəllər belə hallar daha çox baş verirdi. Görülən ciddi tədbirlər, aparılan maarifləndirmə işləri, aidiyyatı qurumların qarşısında qaldırılan məsələlərlə əlaqədar son illər bu sahədə müəyyən müsbət dəyişikliklər var. Belə faktlar əsasən çimərlik, fərdi bağ sahələrində və digər ərazilərdə qeydə alınıb.

"Yerin təki haqqında" qanuna əsasən, hansısa yerdən torpaq qazıb aparmaq olmaz. Buna görə İnzibati Xətalar Məcəlləsinin 243.0.1 maddəsində məsuliyyət növü nəzərdə tutulub. Belə hallara yol verən fiziki şəxslər 600-1000, vəzifəli şəxslər 1200-2000, hüquqi şəxslər isə 5000-6000 manat məbləğində cərimə edilir. Yəni, dəniz kənarından qum aparılırsa, qanuni baxımından pozuntuya yol verilir. Digər tərəfdən də çimərliyin pozulması halları yaranmış olur".

Sektor müdiri qeyd etdi ki, hər bir torpaq mülkiyyətçisi özü öz torpağının sahibi olmalıdır: "Yerin təkindən istifadə torpaq sahibinin özünə də məxsus deyil. Ancaq bəzən torpaq sahibləri qumu kiməsə satır. Belə hallarda nazirlik qanunvericiliyə uyğun tədbirlər görür".

Raquf Mirzəyev onu da əlavə etdi ki, bu dövrdə əsasən Qaradağın Qobustan qəsəbəsində, Lənkəranın Şahağacı, Astaranın Qamışovka, Sumqayıtın Novxanı bağları, Sabunçunun Ləhiş bağları sahələrində faktlar qeydə alınıb.

Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova bildirdi ki, qumun daşınması ekoloji tərəfdən yox, çimərliklərin istifadəsi məsələsində əhali üçün narahatçılıq yaradır: "Çünki, çınqıl, xırda daşlardansa, qum çimərlikləri istirahət üçün daha yaxşıdır. Yəni, turizm baxımından qum daha sərfəlidir. Həm də nəzərə alaq ki, çimərliklərdəki qum minilliklər ərzində formalaşır. Onun da tikinti və ya başqa məqsədlər üçün istifadə edilməsi çimərliklərdəki effektliyi azaldır. Əla qumun bərpası isə əsrləri əhatə edir. Qumun tiknti üçün istifadə edilməsi nəticəsində Azərbaycanda qum çimərlikləri tükənə bilər".

Fəridə Hüseynova əlavə etdi ki, çimərliyə kənardan qum gətirmək olmaz: "Qum təbii şəkildə yaranmalıdır. Qumun daşınması dənizin sağlamlığına da mənfi təsir göstərir. Dəniz heyvanlarının həyat şəraitini dəyişdirir. Ona görə də dəniz kənarındakı qumun daşınmasına maksimum dərəcədə icazə verilməməlidir".

Ekoloq onu da qeyd etdi ki, dəniz qumu digər qumlardan daha təmizdir: "Onun daxilində lil, palçıq olmur. Bundan başqa, ləpədöyənin hesabına daha iri olur. Ona görə də sementin tərkibində daha yaxşı effekt verir. Dəniz qumu sanki əsrlər boyu çınqılın xırdalaşmış hissəsidir. Eyni zamanda çimərlik qumunun müalicəvi əhəmiyyəti var. Ona görə də həkimlər qum vannaları tövsiyə edirlər. Lakin başqa torpaqlar o effekti vermir".