Azərbaycan, Ermənistan və Gürcüstan parlamentariləri arasında görüş keçirilib - FOTOSESSİYA

3 İyul 2016 16:30 (UTC+04:00)

 Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyası çərçivəsində İsveçrə nümayəndə heyətininin rəhbəri Filip Lombardenin təşəbbüsü ilə İsveçrə, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətlərinin görüşü keçirilib.

 

 Movqe.az-ın apa-ya istinadən  məlumatına görə, tədbirdə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova, ATƏT PA-nın siyasi komitə sədrinin müavini Azay Quliyev, Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyan, Gürcüstan tərəfdən parlamentdəki "Gürcü Arzusu" fraksiyasının sədri Giya Volski, deputat Tedo Caparidze və Azərbaycan deputatları iştirak ediblər.

 

Görüşdə çıxış edən İsveçrə nümayəndə heyətinin rəhbəri Filip Lombarde Azərbaycan-Ermənistan arasında danışıqların gücləndirilməsi haqqında fikir və təkliflərini bildirib. O, təklif edib ki, danışıqların formatı dəyişdirilsin. A. Qeqamyan deyib ki, "əgər biz danışıqlarda  irəli getmək və danışıqlarda "inqilab" etmək istəyiriksə, ağıllı "dayı" xalqın taleyini həll etməməlidir. Bizim prezidentlərimiz arasında ciddi danışıqlar gedir və tezliklə Fransa prezidenti də bu danışıqlara qoşulacaq. Mən istəyirəm ki, danışıqlarda Minsk Qrupunun üzvləri və Dağlıq Qarabağ nümayəndəsi də iştirak etsinlər".

 

B. Muradova çıxışında Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğunu bildirib: "Dünyada heç bir dövlət Dağlıq Qarabağı tanımayıb və görüşlərdə Dağlıq Qarabağ nümayəndələrinin iştirakı mümkün deyil".

 

A. Quliyev isə görüşdə qeyd edib ki, danışıqlar proseslərində Azərbaycanın heç bir problemi yoxdur: "Dünyada Dağlıq Qarabağ respublikası adlı bir ölkə olmayıb və bizim hər bir görüş və danışıqlarda xoş niyyətimiz bəllidir."

 

Tədbirdə Gürcüstan parlamentinin və Gürcüstan parlamentinin "Gürcü Arzusu" nun fraksiya sədri Q. Volski və T. Caparidze də Ermənistan-Azərbaycan sülh danışıqları haqqında fikirlərini bildiriblər.