"Həyatımda ilk dəfədir bunu edirəm"- Faiq Ağayev

4 İyul 2016 16:00 (UTC+04:00)

"Həyatımda ilk dəfədir ki, 5 mahnını eyni vaxtda hazırlayıram. Studiya işlərinə başlamışam. Həvəsim varkən, dedim hamısını işləyim. Onlar arasında Səbinə Babayevanın, Givi Usanaşvilinin bəstəsi, xalq mahnısı da var".


Movqe.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Faiq Ağayev deyib. Müğənni yeni mövsümdə beş mahnı təqdim edəcəyini bildirib. 


F.Ağayev bildirib ki, o, yenidən efirlərdə aparıcı kimi görünmək istəyir:


"Gözəl layihə fikirləşmişəm. Hələ yerli telekanallarda bu tip veriliş olmayıb. Amma hər şey maliyyəyə bağlıdır. Telekanllarla danışıqlar aparacam, görüm alınır, ya yox. Əslində aparıcılıq istəyirəm, çünki ən böyük arzularımdan biridir".


Müğənni son günlərdə telekanallarda yaranan durğunluqdan şikayətlənib: 


"Mütəmadi olaraq telekanalları izləməsəm də, hərdən baxıram. Qane edənlər azdır. Ümumi televiziya məhsulları arasında keyfiyyətlisi azdır. Son günlər durğunluq şou-biznesə, telekanallara, ümumi media aləminə təsir göstərib. Buna görə heç kimi qınamaq olmaz. Çünki mediaya reytinq lazımdır. Bunun üçün tamaşaçı zövqü arxasınca qaçırlar. Hərdən tamaşaçının zövqünü formalaşdırmaq da lazımdır".