Movqe.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini-mətbuat katibi Bəhruz Müslümovun Trend-ə müsahibəsini təqdim edir:
- Ölkədə falçılıq adı altında fəaliyyət göstərən şəxslərlə bağlı ümumi vəziyyət necədir və Dövlət Komitəsinə bununla bağlı şikayətlər olurmu?
- Falçılıq adı altında fəaliyyət göstərən
şəxslərə qarşı hazırda Dövlət Komitəsi öz səlahiyyətləri
çərçivəsində tədbirlər görür. Ümumilikdə bu sahədə vəziyyəti
müəyyən etmək olduqca çətindir. Çünki bu qəbildən işbazların
əməllərinə düçar olmuş şəxslər çox az hallarda bu əməlləri etiraf
edir və aldadıldıqlarını bacardıqları qədər hər kəsdən gizlətməyə
çalışırlar. Lakin bununla bağlı müraciət daxil olduqda aidiyyəti
qurumlarla birlikdə müvafiq işlər aparılır.
- Falçılıqla məşğul olanların fəaliyyətini qanunla məhdudlaşdıran hər hansı maddə təsbit olunubmu?
- Vətəndaş aldadılaraq inamından sui-istifadə edilməsi, pulunun mənimsənilməsi kimi dələduzluq faktı ilə üzləşibsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Dələduzluq faktı əsasında falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı cinayət işi qaldırılır. Mənimsənilən məbləğ 100 manatdan yüksəkdirsə, yəni böyük ictimai təhlükə törətməyən dələduzluq faktı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsinə əsasən 100 manatdan 700 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlərə cəlb oluna və ya 2 il müddətinə azadlıqdan məhrum edilə bilər. Əgər vətəndaşın 3000 manatdan – 10000 manata qədər pulu mənimsənilibsə, falçılıqla məşğul olan şəxsi həmin məcəllənin 178.2.4 maddəsinə əsasən 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir. Külli miqdarda dələduzluq faktıdırsa, yəni 10 min manatdan yuxarı məbləğdə dələduzluq faktı qeydə alınıbsa, bu zaman təqsirləndirilən şəxsi həmin məcəllənin 178.3.2 maddəsinə əsasən 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir. Həmçinin dələduzluq nəticəsində mənimsənilən məbləğ 100 manatdan aşağıdırsa, bu halda da şəxs cəzadan kənarda qalmır. Dələduzluq əməlini törətmiş şəxsə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə cəza tətbiq edilir. Dələduzluq yolu ilə özgəsinin əmlakını 100 manata qədər talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bu cür əməllərdə əsas problem əməlin latent (qapalı) olmasıdır. Belə ki, zərərçəkmiş şəxs ya aldadılması faktını, ümumiyyətlə, qəbul etmir, qəbul etdiyi təqdirdə isə ictimai qınaqdan çəkinərək müvafiq qurumlara şikayət etmir. Nəticədə bu cür işbazların hərəkət arealı genişlənir və zərərçəkmişlərin sayı artır. Şikayətin çox sadə prosedur qaydası var ki, dələduzluğa məruz qalmış şəxslər "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yazılı, şifahi və elektron formada müraciət edə bilirlər. Hər bir halda, burada zərərçəkmiş şəxs şikayətdən çəkinməməlidir. Bu növ şəxslərə qarşı mülki qaydada iddianın verilməsi də istisna edilmir.
2009-cu ildə "Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnamə"sinin 7.9-cu bəndinə
edilmiş əlavə və dəyişikliyə görə müvafiq inzibati xətalar haqqında
işlərə baxmaq Dövlət Komitəsinin vəzifələrindən biridir. Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsi yeni qəbul olunduğu üçün
orada bəzi xətalarla bağlı protokolun hansı qurum tərəfindən tərtib
edilməsi ilə bağlı hazırda iş aparılır. Düşünürəm ki, 227-ci maddə
ilə bağlı inzibati protokol tərtib etmək hüququ Dövlət Komitəsinə
də verilərsə, bu hallara qarşı mübarizə daha da intensivləşdirmək
mümkün olar.
- Ümumiyyətlə, falçılığın qarşısının alınması üçün sizcə, hansı vasitələrdən istifadə olunmalıdır?
- Falçılığa qarşı mübarizənin bir neçə yolunu
müəyyən edə bilirik. İlki, təbii ki, maarifləndirmə yoludur. Bu
zaman Dövlət Komitəsi digər qurumlarla birlikdə maarifləndirici
istiqamət tutur. İnsanları fırıldağa aldanmamağa çağırır, çünki
fırıldaqçılar insanların zəif tərəflərini tutmaqla onlardan öz
məqsədləri üçün istifadə edirlər. Təbi ki, Dövlət Komitəsinin
istiqamətləndirdiyi xətdə kütləvi informasiya vasitələri də dəstək
olmalıdırlar. İnsanların savadsızlığından və digər zəif yönlərindən
sui - istifadə edənlərə qarşı birgə mübarizə zamanı televiziya
kanallarında və radioda verilişlərin təşkili vacib amillərdəndir.
Digər bir metod isə ailə dəyərləri ilə bağlıdır. Müşahidələr
göstərir ki, əksər hallarda falçıya müraciət edənlər ailədə
psixoloji cəhətdən düzgün yetişdirilməmiş, iradəsi zəif olan
şəxslərdir. Belə insanlar hətta ən kiçik problem qarşısında
çıxılmaz vəziyyətdə qalır və dərhal falçılara müraciət edir, beləcə
onların torlarına düşürlər. Bir məsələyə diqqət çəkmək lazımdır ki,
bizim müəyyən etdiymiz mübarizə falçılıq-cadugərliyə, hər növ qara
magiyaya qarşıdır. Təbii ki, demokratik ölkədə yaşadığımıza görə
hamı istədiyi adama müraciət edə və bu fəaliyyətlə məşğul olan
şəxsin xidmətindən yararlana bilər. Biz burada müraciət edən tərəfi
maarifləndirməyə çalışırıq, lakin şəxs bunu istəmirsə və falçıya
müraciət edirsə, bu halda nə edə bilərik? Bu səbəbdən biz insanları
fırıldaqçılardan qorumalıyıq. Bu halda bizə cəmiyyət də kömək
etməlidir. Müxtəlif vaxtlarda vətəndaşlar bu cür hallara rast
gəlir, lakin uzun müddətdən sonra xəbər verirlər, bu zaman isə
artıq onların şəxsiyyətini, yerini müəyyən etmək çətinləşir və
bəzən mümkün olmur. Bu insanlar eyni zamanda səyyar xidmət
göstərirlər.
- Digər ölkələrdə falçılıqla məşğul olan şəxslərə qarşı hər hansı cəza növü tətbiq edilirmi? Yaxud da bunlarla mübarizə hansı formada təşkil edilir?
- Bu sahədə xarici ölkələrin müəyyən təcrübəsi
var. Məsələn, Türkmənistanda ekstrasenslik və falçılıq bu ildən
qadağan olub. Bu ölkədə hipnozla məşğul olanların, ekstrasenslərin,
falçıların və fövqəltəbii gücləri vasitəsilə insanlara təsir
etdiklərini iddia edənlərin xidmətlərindən istifadə də qadağalar
çərçivəsindədir. Tacikistanda bu yaxınlarda Cinayət Məcəlləsinə
yeni dəyişiklik təsdiq edildi. Dəyişikliyə görə, əgər falçılar,
cindarlar əvvəllər sadəcə müəyyən miqdarda cərimə edilirdilərsə,
bundan sonra 7 ilə qədər müddətdə azadlıqdan məhrum ediləcəklər.
Anqlo-sakson hüququnun tətbiq edildiyi ölkələrdə aldadılan şəxs
müvafiq qurumlara müraciət edir və fırıldıqçıya qarşı
"fraud-dələduzluq" üzrə cinayət işi başlanılır, yaxud onların işinə
məhkəmədə mülki qaydada baxılır. Həmçinin Türkiyə Respublikasında
xüsusilə geniş yayılmış "qəhvə falı" və digər fal növləri qadağan
olunub və polis bununla bağlı mütəmadi olaraq reydlər aparır. Bu
əməlləri törətmiş şəxslər ən yaxşı hallarda yüksək cərimələrlə
xilas ola bilirlər. ABŞ-ın bəzi ştatlarında falçılığın qadağan
olunması ilə əlaqəli yerli və dövlət qanunları mövcuddur. Belə ki,
bu qanunların bəziləri falçılıq termininin işlədilməməsini, bunun
başqa terminlərlə ifadəsini (mənəvi dəstək, psixoloji yardım) tələb
edir. Elə qanunlar da var ki, ümumiyyətlə, bu fəaliyyət növünü
qadağan edir. Yeni Zelandiyada da falçılıq cinayət hesab olunur və
bu işlə məşğul olduğu aşkarlanan şəxs yüksək məbləğdə cərimə
edilir. Səudiyyə Ərəbistanında və bəzi müsəlman ölkələrində
falçılıq qadağandır; bu əməl ölüm, yaxud ömürlük həbslə
cəzalandırılır.
- Azərbaycanda falçılıqla məşğul olan şəxslərə qarşı hansı cəza növünün tətbiq edilməsi gözlənilir?
- Hər hansı əməlin qadağan olunması və ya həmin
əməlin sonundakı nəticənin qadağan olunması tamamilə fərqli
şeylərdir. Bizim qanunvericiliyimiz falçılığı, ekstrasensliyi
qadağan etmir, yalnız bunun nəticəsində yaranan dələduzluq faktına
görə cinayət nəzərdə tutulub. Mübarizədə söhbət falçılıqdan,
ekstrasenslikdən deyil, bu ad altında dələduzluq edən
fırıldaqçıların fəaliyyətindən gedir. Əslində, biz bu fəaliyyəti
qadağan etdiyimiz anda fövqəltəbii gücə sahib olduğunu iddia edən
şəxslərin hüquqlarını sual altına qoymuş oluruq. Məsələn,
beynəlxalq təcrübəyə baxsaq Rusiyada ekstrasenslərin
sertifikatlaşdırılması institutu mövcuddur. Hazırda da
ekstrasenslərin rəsmi sertfikatlaşdırılması prosesi gedir. Bu ondan
xəbər verir ki, hazırda ekstrasenslərin könüllü olan
sertifikatlaşdırılması bir müddət sonra məcburi ola bilər. Bu
insitutun formalaşması ekstrasenslik adı altında fırıldaqçılıq
fəaliyyəti göstərənlərin işini xeyli çətinləşdirəcək. Bu halda,
müvafiq olaraq sertifikat almış ekstrasenslər, parapsixoloqlar yenə
öz fəaliyyətini davam etdirəcək. Qanuna müvafiq olaraq vergisini
ödəyib xidmət göstərəcək. İş tapa bilməyib bu ad altında
fırıldaqçılıq edənlər isə qanuna uyğun olaraq cəzalandırılacaqlar.
Belə ki, lisenziyasız fəaliyyət göstərən şəxslərin əməllərinə
müvafiq cəzalar tətbiq ediləcək.
- İlahi dinlərin falçılığa qarşı mövqeyi necədir, dinlər falçılığı qəbul edirmi?
- Heç bir İlahi din falçılığı və cadugərliyi qəbul etmir, bütün dinlər falçılığı və cadugərliyi şeytan əməli hesab edir. Məsələn, yəhudilərin müqəddəs kitabı Tövratda "Gizli şeylər Allahımız Rəbbindir" (Təsniyə, 29/29) cümləsiylə qeyb bilgisinin Allaha aid olduğu və bundan uzaq olmağın vacibliyi bildirilmiş, "Aramızda falçı, münəccim, sehirbaz, əfsunçu, cindar, baxıcı, ölülərlə məsləhətləşən olmayacaq" (Təsniyə, 18/10-11) - deyilərək bunlar qadağan edilmiş, bu işlərlə məşğul olanların öldürülmələri əmr olunmuşdur (Levililər, 19/31; 20/6, 27).
Xristianlığın müqəddəs kitabı Əhdi-Cədiddə falçılıqla bağlı məlumatlar olduqca azdır. Buna baxmayaraq, Əhdi-Cədidin "Rəsulların işləri" bölməsində xristian olmayanlar arasında sehirbaz və falçılarla bağlı məlumatlar verilmiş, onların əməlləri tənqid edilmişdir.
İslam dininin müəqqdəs kitabı Qurani-Kərimin "Maidə" surəsinin 90-cı ayəsində qeyd edilib ki, "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!".
Fala baxan şəxs qeybi (gələcəkdə baş verəcək hadisələri) bildiyini iddia edir. Qeybi bildiyini iddia edən şəxs Allahın nazil etdiyi "Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!" (Ənam, 59) ayəsini inkar etmiş olur.
Bütün dinlərin, xüsusilə də İslamın falçılıq və bu kimi fəaliyyətləri qadağan etməsinə baxmayaraq, təəssüf ki, günümüzdə falçılıq və ona inananlar hələ də qalmaqdadır.