LAYİHƏNİN ADI: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

22 Aprel 2012 22:23 (UTC+04:00)

Azərbaycanda regionların inkişafına qayğı siyasəti, sadəcə, sosial-iqtisadi sferanı əhatə etmir, eyni zamanda, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə də mühüm infrastruktur layihələri həyata keçirilir. Son illərdə respublikanın bütün regionlarında məktəb tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, maddi bazanın möhkəmləndirilməsi, yeni texnologiyalarla təminat, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsilin dünya standartlarına uyğunlaşdırılması sahəsində əsaslı irəliləyişlər baş verib. Bunu İsmayıllı rayonunun da nümunəsində aydın görmək mümkündür. 

Ölkənin davamlı iqtisadi inkişafı məktəb tikintisi və məktəblərin təmirində yeni mərhələnin başlanmasına səbəb olub. Müvafiq Dövlət Proqramlarına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında son yeddi ildə İsmayıllıda 15 məktəb tikilib istifadəyə verilib 25 məktəb isə əsaslı təmir olunaraq, müasir avadanlıqlarla təchiz edilib. 640 şagird yerlik 33 əlavə sinif otağı, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 540 şagird yerlik 3 kənd məktəbi inşa olunub. Hesabat ilində Qaraqaya kəndində 180 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilib. 39 məktəbdə və 2 uşaq bağçasının təmir işləri aparılıb, beş məktəbdə qazanxana və istilik sistemləri quraşdırılıb. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" da rayonda uğurla həyata keçirilib.  

Rayonda "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın (2006-2010-cu illər) yerinə yetirilməsi istiqamətində məqsədyönlü iş aparılıb, 2010-cu ildə rayonun istedadlı şagirdləri xeyli uğurlu nəticələr əldə ediblər. Fənn olimpiadalarının respublika mərhələsində rayonun 7 nəfər şagirdi yüksək bilik nümayiş etdirərək qalib olmuşdur. 3 nəfər şagird isə istedadlı şagirdlərin respublika müsabiqəsinin laureatı olub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsində Cülyan kənd orta məktəbinin, Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə "Azəripoçt" tərəfindən inşa yazı müsabiqəsində şəhər 1 saylı orta məktəbin, Təhsil Nazirliyinin keçirdiyi "Erməni genosidi" rəsm müsabiqəsində İsmayıllı kənd orta məktəbinin şagirdləri qaliblər sırasında olublar. 

Mərkəzləşdirilmiş şəkildə Təhsil Nazirliyi tərəfindən aparılan buraxılış imtahanlarında XI sinif şagirdlərinin 83 faizi bütün fənlərdən müsbət qiymət alaraq orta məktəbi bitirmək haqqında attestat alıblar. IX sinif buraxılış imtahanları daha müvəffəqiyyətli olub, 93 faiz şagird ümumi orta təhsili müvəffəqiyyətlə bitirib. Bunlar respublika üzrə ən yüksək göstəricilərdir. 

Ötən il ali məktəbə qəbul daha sevindirici olub, 264 nəfər məzun tələbə adını qazanıb. Bunlardan 17 nəfəri 600-dən yuxarı, 50 nəfər isə 500-600 arasında bal toplayıb. 3 nəfər məzun qəbul imtahanlarındakı yüksək nəticələrinə görə Prezident təqaüdünə layiq görülüb. 

Rayon müəllimləri "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində də uğurla iştirak ediblər. 2010-cu ildə şəhər 5 saylı, Mican, Cülyan və Təzəkənd tam orta məktəbləri "İlin ən yaxşı məktəbi", Lahıc qəsəbə, Cülyan və Qubaxəlilli kənd orta məktəblərinin 3 müəllimi isə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olublar. Müsabiqələrin keçirildiyi 2007-2010-cu illərdə 10 məktəb "Ən yaxşı ümumtəhsil məktəbi", 8 müəllim isə "Ən yaxşı müəllim" adını qazanıb. 

Rayon məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müasir təlim metodlarından və qabaqcıl təcrübənin öyrənilməsində beynəlxalq təşkilatların imkanlarından istifadə edilir. "British Concil" layihəsində 6 nəfər xarici dil müəllimi iştirak edib. Rayonda gənclərin peşə təhsilinə də xüsusi əhəmiyyət verilir. 2010-cu ildə otelçilik və turizm istiqamətli 480 yerlik Peşə Tədris Mərkəzinin tikilib istifadəyə verilməsi bu sahənin inkişafında əhəmiyyətli rol oynayıb. Mərkəz rayonda ehtiyac duyulan ixtisaslar üzrə kadr hazırlamaqla inkişafa öz töhfəsini verir. 

Son illərdə rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması sahəsində son illər xeyli iş görülüb, tədbirlər müəyyənləşdirilərək həyata keçirilib. Bir sıra xəstəxana, kənd həkim məntəqələri təmir edilib, təchizat yaxşılaşdırılıb. İslahatların aparılması ilə əlaqədar 2010-cu ildə rayonda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr təminatı, xəstələrə yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsi üçün əlavə tədbirlər müəyyənləşdirilərək həyata keçirilib.

2010-cu ildə rayonda 125 nəfər həkim, 354 nəfər orta tibb işçisi əhalinin sağlamlığının keşiyində dayanıb. Əhalinin hər 10 min nəfərinə 15,2 həkim, 46,6 nəfər orta tibb işçisi və 29,4 çarpayı düşür. 2010-cu ildə 1218 uşaq doğumu qeydə alınıb və bu da keçən illə müqayisədə 32 nəfər çoxdur. 2009-2010-cu illər ərzində ana ölümü hadisəsi qeydə alınmayıb, uşaq ölümü respublika səviyyəsindən 3 dəfə aşağı olub.

Uşaqlar arasında profilaktiki peyvəndlər aparılıb, onlara göstərilən tibbi xidmətin səviyyəsi yüksəldilib. Rayon Mərkəzi Xəstəxanasında yaradılmış briqadalar hamilə qadınları müayinədən keçirib, ehtiyacı olanlar müalicəyə cəlb ediliblər. Görülmüş işlərin nəticəsidir ki, son illər difteriya, polimelit, tetanus, qara yara, malyariya kimi qorxulu xəstəliklər baş verməyib. Rayon gigiyena və epidemiologiya mərkəzi tərəfindən yaşayış məntəqələrində kompleks tədbirlər, infeksiya ehtimalı olan mənbələrdə dezinfeksiya işləri aparılıb.

Rayonda səhiyyə xidmətini daha da yaxşılaşdırmaq üçün il ərzində respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilib, monitorinqlər aparılıb. Ötən il Respublika Səhiyyə Nazirliyi tərəfindən Mərkəzi Xəstəxanaya "Medison" firmasının üç ölçülü rəngli dopler müayinəsi aparan ən müasir ultrasəs müayinə aparatı və göz xəstəliklərini müayinə etmək üçün aparat verilib. Doğum, cərrahiyyə, yoluxucu xəstəliklər və poliklinika şöbələrində geniş təmir və yenidən qurma işləri aparılıb. Mərkəzi xəstəxananın istilik sistemi yenidən qurulub. Lahıc qəsəbə, İvanovka kənd xəstəxanaları, Tircan və Topçu kənd həkim məntəqələri üçün yeni binaların tikilməsi planlaşdırılıb.

2010-cu ildə rayon Mərkəzi Xəstəxanasına verilmiş müasir reanimasiya və təcili yardım maşınları İsmayıllı sakinlərinin sosial həyatına, sağlamlığının qorunmasına etibarlı təminat yaradıb.  

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda İsmayıllı rayonu ərazisində mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarixi-mədəniyyət abidələrinin bərpası və konservasiyası nəzərdə tutulub. Dövlət Proqramının icrasının iki ili ərzində rayonun mədəni-maarif müəssisələrində müəyyən işlər görülüb, maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni irsimizin qorunub saxlanması, tarixi abidələrimizin mühafizəsi və bərpası sahəsində tədbirlər müəyyənləşdirilərək həyata keçirilib. Rayonda 13 mədəniyyət evi, 24 klub, 60 kitabxana, 1 uşaq-incəsənət məktəbi, Lahıc və Basqal Tarix-mədəniyyət qoruqları, İsmayıllı və Lahıc tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mədəniyyət müəssisələrində 419 nəfər işçi çalışır. 

Hesabat ilində Heydər Əliyev Mərkəzində, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında, uşaq kitabxanasında, uşaq-incəsənət məktəbində, Soltankənd, Kürdmaşı kənd kitabxanalarında, Kürdmaşı, Basqal mədəniyyət evlərində, Lahıc tarix-diyarşünaslıq muzeyində, 38800 manat əsaslı, 27300 manat cari təmir işləri aparılıb. 2010-cu ildə 29100 manatlıq inventar-avadanlıq, musiqi alətləri, 10 kompüter dəsti alınaraq mədəni-maarif müəssisələrinə paylanılıb. 

Əhaliyə mədəni xidmətin yaxşılaşdırılması, istedadlı gənclərin üzə çıxarılması və onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi sahəsində xeyli iş görülüb, rayon incəsənət məktəbi müəllimləri və şagirdlərinin, mədəniyyət evləri bədii-özfəaliyyət kollektivlərinin konsertləri təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin, digər təşkilatların keçirdiyi müsabiqə və festivallarda istedadlı gənclər uğurla çıxış ediblər. 

Dövlət tədbirlərinin, tarixi hadisələrin, əlamətdar günlərin, milli bayramların, yubiley tədbirlərinin, görkəmli adamlar, şair və yazıçılarla görüşlərin təşkili və keçirilməsində rayon mədəniyyət və turizm şöbəsi yaxından iştirak edib, tədbirlərin yüksək səviyyədə keçirilməsinə nail olub. İsmayıllıda yaşayan azsaylı xalqların, etnik qrupların-ləzgi, tat, malakan, hapıt və başqalarının mədəni dəyərlərinin inkişafına, onların qorunub saxlanmasına lazımi köməklik göstərilir, yardımlar edilib. Respublika və rayon tədbirlərində onların folklor qruplarının çıxışları təşkil olunub. 

Rayonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inkişafı, yeni elektron vasitələrlə təmini istiqamətində əsaslı işlər aparılıb. Kitabxanada 404.160 nüsxə ədəbiyyat vardır ki, onun da 70633 nüsxəsi ölkə başçısının müvafiq sərəncamları ilə çap olunmuş və kitabxanalara hədiyyə edilmiş kitablardır. Təkcə 2010-cu ildə kitabxanaya 486 ədəd kitab hədiyyə edilib. 

İsmayıllı və Lahıc tarix-diyarşünaslıq muzeylərində 3773 eksponat toplanıb. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamla 2011-ci ili "Turizm ili" elan edilməsi bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcı olub. İsmayıllı öz füsunkar gözəlliyi, təbiəti, flora və faunası, tarixi abidələri ilə zəngin olan bölgədir. 2009-cu ildə İsmayıllıya 15 min, 2010-cu ildə isə 25 mindən yuxarı turist gəlib. Rayonda 30 ölkə əhəmiyyətli, 203 yerli əhəmiyyətli tarixi abidə var. Lahıc, Basqal canlı tarixi muzeydir. 

Tərlan Nəsirli 

Bakı-İsmayıllı-Bakı 

(ardı var)


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən  maliyyələşdirilən "Regionların  sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.