“Ermənistan cəhənnəmə dönüb”

23 Aprel 2012 16:23 (UTC+04:00)

Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan Kotayk vilayətinin Qarni kəndində seçki öncəsi kampaniyada çıxışı zamanı Ermənistanda hazırkı vəziyyəti dəyərləndirib. "Ermənistan cəhənnəmə dönüb. Ölkənin şəhər və kəndlərində yaşayan əhalinin 98 faizi yoxsulluq içərisində boğulur. Ən ciddi beynəlxalq ekspert rəylərinə görə, Ermənistanın büdcəsi 7,5 milyard dollar olmalıdır. Başqa cür desək, Serj Sarkisyan, Tiqran Sarkisyan onlaradək isə Robert Koçaryan xalqın hər il 5 milyardını oğurlayır", - deyə Ter-Petrosyan bildirib.

Ter-Petrosyan 1998-ci ildən bu günədək Ermənistanı 1 milyondan artıq insanın tərk etdiyini bildirib.

"Stalin vaxtilə zorla insanları Yakutsk, Altay və Sibirə sürgün edirdi. İndi isə Serj Sarkisyan əhalini elə bir həddə salıb ki, onlar könüllü şəkildə babalarımızın olduğu ərazilərə sürgünə gedirlər. Robert Koçaryan və Serj Sarkisyan özləri Ermənistanı tərk etməyəcəkləri təqdirdə problem həllini tapmayacaq", - deyə Ter-Petrosyan vurğulayıb.