Xəzərin statusu haqqında Konvensiya layihəsinin hazırlanması ilə
bağlı işçi qrupun Tehranda keçirilən iclasında dənizin dibinin
sərhədlərinin müəyyən olunması və bioloji ehtiyatların istismarı
haqqında ilkin razılıq əldə olunub.
Movqe.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi
açıqlama verib. Məlumatda bildirilir ki, əldə olunan digər razılıq
Konvensiya layihəsinin bəndləri ilə bağlı əsas müzakirələrin
aparılması ilə bağlıdır.
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri
səviyyəsində keçirilən toplantıda dənizçilik, tranzit və tərəfləri
maraqlandıran digər məsələlər də müzakirə olunub. Prezidentlərin
Qazaxıstanda keçiriləcək sammitində imzalanacaq sənədlərin
hazırlanmasını sürətləndirmək qərara alınıb.
İşçi qrupun növbəti yığıncağı Türkmənistanın paytaxtı Aşqabadda
keçiriləcək./apa/