2016-cı ilin 9 ayında Müdafiə Sənayesi Nazirliyinin
müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 81
faizini müdafiə və xüsusi təyinatlı, 19 faizini isə mülki təyinatlı
məhsullar təşkil edib.
Movqe.az-ın xəbərinə görə, bu barədə MSN-nin tabeli müəssisələrində
2016-cı ilin 9 ayının yekunlarına həsr edilmiş səyyar kollegiyada
məlumat verilib. Bildirilib ki, istehsal olunaraq sifarişçilərə
təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi ötən ilin
müvafiq dövrü ilə müqayisədə 17,6 faiz, çeşidlərinin sayı isə 2
dəfədən çox artıb: “Eləcə də, ötən ilin müvafiq dövrü ilə
müqayisədə mülki məhsul istehsalında 8,2 faiz artım əldə
olunub”.
Qeyd olunub ki, ötən müddət ərzində aparılan məqsədyönlü işlər
nəticəsində MSN-nin müəssisələrində müvafiq proqramlar əsasında
müdafiə təyinatlı məmulatların istehsalı üçün yeni sahələrin
yaradılması işləri davam etdirilib: “Hesabat dövründə cari il üçün
nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, güc
strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında
müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil
verilib. Eyni zamanda, mülki məmulatların istehsalının
genişləndirilməsi üzrə işlər davam etdirilib”.
2016-cı ilin Yaradılma Proqramına uyğun olaraq MSN-nin
müəssisələrində 115 mövzu üzrə 198 mərhələni əhatə edən təcrübi
konstruktor işləri də aparılır. Nazirliyin Elmi-Tədqiqat
İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 14 mövzu üzrə
elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.
Nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq
bölmələrinin üç iclası keçirilib, iş planına daxil edilmiş müxtəlif
səpgidə mövzular üzrə müzakirələr aparılıb, konkret təklif və
rəylər qəbul edilib.