Azərbaycanın xaricə satdığı məhsulların çeşid və həcmi artacaq

30 Noyabr 2016 07:00 (UTC+04:00)

Azərbaycan öz məhsullarının tədarükü üçün yeni bazarları öyrənir. Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BP-nin ölkədə sahibkarlığın inkişafı üzrə proqramının icrasına həsr olunmuş tədbirdə deyib. 

Nazir müavini Azərbaycanda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsulların istehsal edildiyini qeyd edib: "Ölkədə aparılan iqtisadi siyasət hesabına hazırda çox rəqabətədavamlı və ixrac yönümlü məhsullar istehsal edilir, beynəlxalq standartlara cavab verən müəssisələr yaradılır”. 
İqtisadçıların fikrincə, əgər yeni bazarlar tapılarsa, bu, Azərbaycanın yerli istehsalına stimul vermiş olacaq. İqtisadçı-ekspert Natiq Cəfərli qeyd edir: “Qeyri-neft sektorunun ixracatında artımların olması üçün müxtəlif imkanların öyrənilməsi mühüm şərtdir. Yeni bazarlar dedikdə Azərbaycan üçün bu, əsasən Şərq ölkələri ola bilər. Çünki, Avropa bazarlarına çıxmaq üçün şərtlər daha sərtdir. 
Şərq ölkələrinə nisbətən Avropa bazarlarında sertifiikatlaşma, lisenziya şərtləri daha ağırdır. Amma  yeni bazarlara yeni məhsullarla çıxmaq üçün Azərbaycanın da kifayət qədər imkanları mövcuddur. “Made in Azerbaijan” brendinin tanıtımı üçün xeyli işlər görülür. Artıq Çində “Made in Azerbaijan” brendinin sərgisi keçirilib. Noyabrın 29-da da Azərbaycan şirkətləri Birləşmiş Ərəb Əmirliyində oldular. Bu, Azərbaycan brendlərinin, yerli məhsullarının əsasən Şərq bazarlarında tanıtımını və yeni müqavilələrin bağlanmasını asanlaşdıracaq. Ancaq hələlik ixracatda ciddi artım müşahidə edilmir. Bunun üçün görüləcək işlər var. Bu işlərin də nəticəsi qısa bir zamanda yox, müəyyən müddətdən sonra öz bəhrəsini verir”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, dövlət “Made in Azerbaijan” brendinin tanıdılması üçün artıq tədbirlərə başlayıb: “Bu kampaniyanın təşəbbüskarı da məhz cənab Prezidentin özüdür. Azərbaycan brendinin tanıdılması ilə ilk növbədə Iqtisadiyyat Nazirliyi məşğul olmalıdır. İstehsalçıların ayrı-ayrılıqda xarici bazarlara çıxma imkanları çox məhduddur. Onların xarici bazarlarda yer tutmaq imkanları isə daha çətindir. Odur ki, dövlət xətti, ölkələrarası iqtisadi əlaqələr vasitəsi ilə nəsə etmək mümkün olar. Ancaq çox güclü rəqabətqabiliyyəti mühitdə sahibkarın təkbaşına bazara çıxması və rəqabət aparmaları praktiki olaraq mümkün deyil. Söhbət hansısa Afrika ölkələrinin bazarından yox, güman ki, Avropa ölkələrindən gedir. İdeya olaraq əladır. Əgər yerinə yetirilərsə, istehsalçılarımız üçün münbit şərait yaranar”.
İqtisadçı əlavə etdi ki, Azərbaycanın istehsal potensialı kifayət qədər yüksəkdir: “Xüsusi ilə də kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük imkanlarımız mövcuddur. Hətta ekoloji keyfiyyəti, digər göstəricilərə görə Azərbaycan məhsullarının bəzi üstünlükləri də var. Əgər yeni bazarların axtarışı müsbət nəticələnərsə,  bizim istehsal potensialımız həmin bazarların tələbatını təmin edə bilər”. 
Mübariz BAYRAMOV