Soyqırımı törədən erməni caniləri məhkəmə qarşısında

30 Noyabr 2016 08:00 (UTC+04:00)

“Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan Ermənistan məhkəməyə çağırılmalıdır”.

Bu fikirləri Milli Məclisin deputatı Səməd Seyidov "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı deyib. S.Seyidov qeyd edib ki, gələcəkdə Azərbaycanın torpaqları danışıqlar prosesi, yaxud başqa bir yolla qaytarıldıqdan sonra mütləq bütün cinayətkarları məhkəməyə vermək lazımdır. 
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, nə vaxtsa erməni caniləri törətdikləri vəhşiliklərə, cinayətlərə görə beynəlxalq məhkəmələr qarsına çıxarılacaqlar: “Məsələni konkretləşdirmək lazımdır. Ermənilər tərəfindən soyqırım törədilib. Onun da törədilməsində hərbçi, komandir, rəhbər, əsgər kimi iştirak edən, cinayət törədənlər var. Onlar haqqında materiallar, sübutlar toplanılıb müvafiq məhkəmələrə təqdim olunmalıdır. 
Erməni caniləri, Serj Sarkisyan, Robert Köçəryan, Zori Balayan və başqaları əvvəl axır mühakimə olunacaqlar. Ermənistan nə vaxtsa beynəlxalq məhkəməyə çağırılmalıdır. Azərbaycan torpaqlarını işğal etdiyi, bu torpaqlarda ölkəmizə aid olan bütün tarixi, dini, mədəni abidələrimizi, təbii sərvətlərimizi dağıtdıqları, viran qoymaları və talan etmələrinə, vandalizmə yol verdiklərinə, 1 milyondan artıq insanın bütün hüquqlarını pozduqlarına görə Ermənistan dövləti nə vaxtsa müvafiq sənədlər əsasında işğalçı dövlət olaraq məhkəmələrdə cavab verməlidir. Soyqırımları, insan ölümləri, qətliamlarla bağlı olaraq Ermənistan adlanan yerin hərbi canisi Serj Sarkisyan başda olmaqla bütün cinayətkarların hamısı müvafiq qaydada məhkəmələrdə cavab verməli olacaqlar”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif  Nağının fikrincə, erməni canilərinin törətdiyi Xocalı soyqırımı ilə bağlı olaraq ayrıca bir hərbi tribunal yaradılmalıdır: “İşğal faktına, törətdiyi Xocalı soyqırımına və digər qətliamlara görə Ermənistan çoxdan beynəlxalq məhkəmələrə verilməli idi. Bilirsiniz ki, indi bu istiqamətdə Milli Məclisin bir qrup deputatı təşəbbüs edib. Xocalı soyqırımı ilə bağlı qanun layihəsi haızrlanır ki, onun da yaxın 3 ay ərzində qəbul olunacağı gözlənilir. Bu qanun layihəsinə görə Xocalı soyqırımını törədən ermənilərin, konkret şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, beynəlxalq məhkəməyə verilməsi nəzərdə tutulur. Hər halda bu istiqamətdə səylər artırılmalıdır. 
Təbii ki, Azərbaycan öz torpaqlarını hərbi yolla işğaldan azad edəcək. Azərbaycan torpaqların işğaldan azad olunması ilə bağlı fəaliyyətini davam etdirməlidir. Eyni zamanda paralel şəkildə hüquqi müstəvidə də işlər aparılmalı, o cümlədən hərbi canilərin məhkəməyə cəlb olunması, onların cəzalandırılması üçün bütün beynəlxalq vasitə, rıçaqlardan istifadə edilməlidir. Azərbaycanlı deputatlar Xocalı soyqırımını Srebnitsada baş verən soyqırımla müqayisə edirlər. Hər iki halda soyqırım törədilib. Təəssüf ki, beynəlxalq birliyin məsələyə ikili standartdan yanaşmasının nəticəsi olaraq Srebnitsa cinayətinə görə çoxsaylı serb cinayətkarı məsuliyyətə cəlb olunsa da, Xocalı soyqırımı bu proseslərdən kənarda qalıb. Xocalı soyqırımı ilə bağlı olaraq da beynəlxalq insan haqları məhkəməsi, Avropa İnsan Haqları Məhkəməsi, ya da ayrıca bir tribunal yaradılmalıdır.     Belə nümunələr də vardır. Xocalı soyqırımı ilə bağlı ayrıca bir hərbi tribunalın yaradılmasına ehtiyac var.  Beynəlxalq hüquq normalarının imkan verdiyi çərçivədə Azərbaycan öz səylərini artıraraq belə bir məhkəmə prosesinin başlanmasına nail olmalıdır”. 
Rüfət NADİROĞLU