"Bakutel-2016" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində "Əşyaların İnterneti. Növbəti nəsil" mövzusunda konfrans başlayıb

29 Noyabr 2016 15:11 (UTC+04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, "Huawei" şirkətinin sponsorluğu ilə "Bakutel-2016" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində "Əşyaların İnterneti. Növbəti nəsil" mövzusunda konfrans öz işinə başlayıb. Movqe.az-ın xəbərinə görə, tədbir bu gün və sabah davam edəcək. Konfransda "Huawei", "SAP" və "Cisco" kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların nümayəndələri iştirak edir. Tədbir çərçivəsində "İKT strategiyası və "Əşyaların İnterneti"nə dair Planlar", "Əşyaların İnterneti" Mühiti və Marketinq Təhlili" ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunur. Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma və biznes inkişaf strategiyaları müzakirə edilir. Eyni zamanda, forumda "ağıllı əşya"lar sənayesinin inkişafı üçün açıq və neytral platformanın yaradılması, bu sahədə yaranan problemlər və gələcək inkişaf perspektivləri ilə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək. Konfransın açılışında iştirak edən, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə bildirib ki, konfrans aktual mövzuya həsr olunub:"Dünya İqtisadi Formunun qiymətləndirməsində "Əşyaların interneti" dünyanı dəyişəcək texnologiyalar arasında ilk sırada göstərilir. Bu texnolgiyaların yaxın 10 ildə dünya iqtisadiyyatında əsas trend olacağı proqnozlaşdırılır. Bu internetə qoşulacaq müxtəlif qurğuların hesabına baş verəcək. Bu qurğuların 17 faizini kompyuterlər, planşetlər, smartfonlar təşkil edəcək. Qalan 83 faizi senssorlar, mobil qurğular, müxtəlif əşyalar olacaq. Proqnoza görə, yaxın gələcəkdə ağıllı əşyalar biznes və sosial proseslərin aktiv iştirakçısı olacaq. "Əşyaların interneti"səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə böyük səmərə verəcək.Son illərdə əşyaların interneti  hökumətlərin də marağına səbəb olub. "Əşyaların interneti hökumətlər qarşısında mühim vəzifələr qoyur. Bunlardan biri informasiya təhlükəsizliyinin təmin edilməsidir.Hazırda kiberhücumlar kompyuterlərə, şəbəkə və sistemlərə yönəlib. "Əşyaların interneti"nin geniş yayılması ilə internetə qoşulmuş  əşyalar da hücum obyekti ola bilər.Burada digər məsələ informasiyanın konfidensiallığıdır. Təbii ki, hökumətlər qarşısında "əşyaların interneti"ilə bağlı digər vəzifələr də var. "Əşyaların interneti"üzrə hüquqi bazanın inkişafı və sair. Konfransın gedişində bu məsələlər müzakirə olunacaq".

 

Zülfiyyə Quluyeva