Avro dolları ticarətdə keçəcək…

30 Noyabr 2016 10:24 (UTC+04:00)

Dollar bahalashmaqda davam edir. Bu gedişlə tezliklə dolların avrodan baha olacağı itisna edilmir.  Mütəxəssislər bu fonda xarici ticarətdə Avropadan Azərbaycana gələn məhsulların daha da arta biləcəyini düşünürlər.

İqtisadçı-ekspert Afiq Ağaquliyevun fikrincə, dolların qiymətinin avrodan üstün olması hələlik inandırıcı görünmür: “Ən yaxşı halda bir neçə qəpik həddi keçməsi mümkündür. Lakin bu da daimi formada qala bilməz. Çünki, Avropa Birliyinin iflasına səbəb ola bilər. Amma dollar avrodan baha olarsa, xaricdən gələn məhsulların avro ilə alınması qısa yox, uzun zamanı əhatə edəcək. Çünki, idxalçılar hazırki vəziyyətlərini kəskin dəyişməli olacaqlar. Bu da qısa proses deyil. Ancaq hazırda məhsul idxalı zamanı onu avro ilə də almaq mümkündür. Yəni, sırf dollar yox, idxalçı ölkənin valyutası və avro ilə də satış var. Amma dollarla satılan məhsul avro ilə təqdim olunanda da günün kursuna uyğun olaraq fərq yaranmayacaq”.
Eksperin sözlərinə görə, dolların qiyməti yüksək olsa da, tələbat olduğuna görə xarici ticarətdə dollardan istifadə qalacaq: “Dollardan imtina etmək üçün ölkələr birlik nümayiş etdirməlidirlər. Bu da hələlik mümkün görünən məsələ deyil”.
Digər iqtisadçı-ekspert Anar İbrahimov bildirdi ki, ölkəmizin xarici ticarətində neft və neft məhsullarının satış payı digər məhsullarla müqayisədə çox üstündür: “Ölkəmizə gətirilən xarici valyutanın həcmində neft satışına görə dollar mühüm yer tutur. Buna görə də, ölkə daxilində xarici məhsulların qiymətinin formalaşmasında dolların dünya bazarındakı məzənnəsi nəzərə alınır. Bundan əlavə Şərqi Asiya ölkələri ilə ticarət dövriyyəmizin hamısı dollar hesablaşmaları ilə aparılır. Bütün bunlar dolların xarici ticarətimizdə mühüm yeri olduğunu söyləməyə əsas verir. Avronun ucuzlaşmasına gəlincə isə, dollar nə qədər möhkəmlənsə də avro ilə nisbətdə nəzərəçarpacaq dərəcədə fərqlənmir. Yəni, bugünkü məzənnə səviyyəsindən çox fərqlənmir. Bütün bunlar onu deməyə əsas verir ki, xarici ticarətdə dollardan qaçmaq və avroya köklənmək mümkün deyil. 
Avronun bu günlərdə ucuzlaşması ona meylliyə xüsusi maraq yarada bilməz. Çünki, bizim əksər xarici əməliyyatlarımız dollarla yerinə yetirilir və bunu avro ilə əvəzləmək praktiki olaraq mümkünsüz görünür”.

Mübariz BAYRAMOV