Taleyinə şəhidlik yazılıbmış

30 Noyabr 2016 12:35 (UTC+04:00)

Azərbaycan Ordusunun aprel ayındakı uğurlu döyüşləri başlananda Fəridə ana yerə-göyə sığmırdı. Qismət kişi ona ürək-dirək verib deyirdi ki, ilk övladları Ədalət də Füzuli bölgəsində xidmət edirdi, düşmənin hər həmləsinə əsgər dostları ilə tutarlı cavab verirdi. Aqil də bərkdən-boşdan çıxıb, silahlardan məharətlə isifadə etməyi bacarır. Özü onlarca əsgərə rəhbərlik edir. Cəbhədəkilərin hamısı övladlarımızdır, Tanrı onları qorusun.
Bir neçə gün keçmişdi ki, Aqil evə zəng çaldı:
–Hamınızı öpürəm, qanlı döyüşlərdən sonra indi vaxt tapıb zəng edirəm. İtkilərimiz olsa da düşmənə sarsıdıcı zərbə vurduq, min hektarlarla torpağımızı geri qaytardıq, neçə-neçə düşmən istehkamını dağıtdıq, yüksəklikləri tutduq. Ədalət, qardaşım, ananı darıxmağa qoyma.
Bu zəng Məlikovlar ailəsinə nisbətən sakitlik gətirsə də Fəridə ananın ürəyi dəniz kimi təlatümlü idi. Televizorun qarşısında oturub daim cəbhə xəbərlərini izləyirdi. Ananın narahatlığı bitmirdi. Aprelin 27-də gözü yollarda qala-qala əbədiyyətə qovuşdu. Bu itki ailəni sarsıtdı. Evin gizir oğlu Aqil anasının məzarı üstündə göz yaşı axıtdı. Üçüncü gün atasına dedi:
 –Ananı tapşırdıq torpağa, məni Ana Vətən səsləyir. Cəbhədə hər dəqiqə gərginlikdir, mən orada olmalıyam.
Aqil yenə də cəbhə dostlarının arasında idi. Düşmən hər gün atəşkəsi pozur, ordumuz isə daha şiddətli əks həmlələrlə düşməni susdururdu. Günlər, aylar beləcə ötürdü. Noyabrın 15-də Lələtəpə yüksəkliyi yenə də düşmənin iriçaplı silahları ilə atəşə tutuldu. Cəbhənin Füzuli rayonu istiqamətində yeni təxribata əl atan ermənilər bu dəfə də layiqli cavablarını aldılar. Azacıq sakitlik yaranmışdı. Birdən dünya Aqilin gözündə qaranlığa büründü. Düşmən gülləsinə tuş gəldi Aqil. Dostları onu səngərə gətirsələr də artıq gec idi. Əsgərlərdən biri: igid, cəsur dostumuzu itirdik...
Kim bilir bu çətin məqamda nə keçdi Aqilin xəyalından. Bilirdi ki, anası haqq dünyasındadır. Kim ağlayacaqdı ona...
 
Əzizim tikə-tikə,
Kəs bağrım tikə-tikə.
Qoy bacılar ağlasın
Kəfənim tikə-tikə.
   
Aqilin şəhidlik xəbəri bir neçə saata təkcə Böyük Xocavara deyil, ətraf kəndlərə, rayona yayıldı. Qismət kişinin həyətinə insan axını başladı. Ata hıçqırtısı, bacı naləsi, qardaş ah-vayı doğulub boya-başa çatdığı həyətə kədər, hüzn gətirdi. Ancaq Aqil ölməmişdi, şəhidlik zirvəsinə yüksəlmişdi.
 
Ömürlüyündən.  1990-cı il avqustun 12-də, dünyanın qarışıq vaxtında Böyük Xocavarda dünyaya göz açmışdı Aqil. Elə bu kənddə orta təhsilini başa vurmuşdu. 2009-cu ildə orduya çağırıldı, 1 il yarım Naxçıvanda hərbi xidmət etdi. Burada da hər gün erməni təxribatının şahidi olurdu. Ordu xidməti mürəkkəb və maraqlı keçdi. Bir çox silah növündən bacarıqla istifadə etməyi öyrəndi. Hərb sənəti onu özünə çəkirdi. Odur ki, gizirlik məktəbində bu sənətə mükəmməl yiyələnib yenidən cəbhə bölgəsinə gəldi. Yenə də səngər, yenə də həyasız düşmənə cavab atəşi açıb kəndlərimizi düşmənlərdən qorumaq... Altı ilə yaxın əsgər dostları ilə torpaqlarımızı düşməndən qorudu. Aprel döyüşləri Aqilin cəsurluğunu üzə çıxartdı. Əsgərlərimiz düşmənin yağış tək yağdırdığı güllələrindən, topların ölümsaçan od-alovundan qorxmayaraq irəliləyirdilər. Düşmən ordumuzun gücünü gördü və silah-sursatlarını elə döyüş meydanında qoyub qaçırdı.
...Aqilin cənazəsi ata ocağına gətiriləndə həyətdə izdiham vardı. Axı bu elə şəhid gəlmişdi. Şəhid Aqil kənd məzarlığında torpağa tapşırıldı. QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov şəhid əsgərin ruhuna dualar oxudu, onun ölməzliyindən söz açdı.
Dəfnetmə mərasimində iştirak edən Masallı RİH başçısı Rafil Hüseynov Aqilin valideyninə, yaxınlarına, kənd sakinlərinə, xalqa başsağlığı verib dedi:
 –Allah rəhmət eləsin, qalanlarının canı sağ olsun. Aqil Vətən, torpaq uğrunda şəhid olub. Son illər Masallıda bir neçə gənc torpaqlarımızı düşməndən qoruyan zaman şəhidlik zirvəsinə ucalıb. Onlar əsil qəhrəmanlıq nümunəsi göstəriblər. İndinin özündə cəbhədə yüzlərlə Masallı gənci hiyləgər düşmənin həmlələrini dəf edir, sinəsini sipər etməkdən çəkinmir. Hər şəhidimiz üçün həm kədərlənir, həm də qürur hissi keçiririk ki, Vətənin etibarlı, cəsur övladları var.
Aqilin müəllimi olmuş Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov, Banbaşı kənd bələdiyyəsinin sədri Böyükxan Rəhimov, “N” hərbi hissəsi komandirinin şəxsi heyət üzrə müavini Seymur Həbibullayev və başqaları şəhidin məzarı önündə çıxış edərək Aqil Məlikovun ailəsinə başsağlığı verib igidliyindən danışdılar.
Aqilin cəbhə yoldaşları avtomat silahlardan yaylım atəşi açdılar.
Atası Qismət Məlikov Azərbaycan Bayrağını qəbul edib dedi:
 –Bir övlad, igid əsgər itirmişəm. Taleyi belə yazılıbmış. Təsəllim budur ki, Aqil Vətən uğrunda canını fəda edib. Vətən sağ olsun. Hamımız buna hazır olmalıyıq. Deyirlər şəhidlər ölmür. Aqil də həmişə dostlarının, kənd sakinlərinin xatirələrində yaşayacaq. Ana Vətəni qoruyan qəhrəman kimi.
Şəhid məzarı üstünə əklillər qoyuldu, gül dəstələri düzüldü.
Elə həmin gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə düşmənin növbəti təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu Aqil Qismət oğlu Məlikov ölümündən sonra “Hərbi xitmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.

 Əlihüseyn ŞÜKÜROV