Kommunal xidmətlərdə qiymət siyasəti daha təkmil hala gəlir

1 Dekabr 2016 09:00 (UTC+04:00)

Bu günlərdə Tarif (qiymət) Şurasının kommunal xidmət tariflərinin differensiasiyası haqda qəraına uyğun olaraq əhali və qeyri-əhali qruplarının istifadə etdiyi qazın və işığın qiyməti istifadə edilən  həcmdən asılıl olaraq artıb. Hər dəfə olduğu kimi bəzi həssas insanların həyəcanla qarşıladığı bu qərara olan sərt münasibət sonradan xeyli dərəcədə yumşalıb. Çünki, qərarın mahiyyıəti açıqlanıb və ortaya çıxan suallar cavablandırılıb. Ümumiyyətlə, differensiasiyalaşma müxtəlif aspektdə həyata keçirilə bilər. Qiymətin differensiasiyası məhsulun xərcinin formalaşması üçün həyata keçirilir. Bu, maya dəyəri və satış qiyməti anlayışları arasında uyğunluğu nəzərdə tutur.

İstehlakçıların müraciətləri barədə şuranın katibi İlkin Musayev belə açıqlama verib: “Bir çox ölkə bu üsuldan istifadə edir, lakin müxtəlif ölkələrdə bu proses fərqli meyarlarla həyata keçirilir. Gəlin elektrik enerjisi tariflərinə baxaq. Məsələn, qonşu Gürcüstanda elektrik enerjisi tarifləri istehlak həcminə görə diferensiallaşdırılıb. Amma Azərbaycandan fərqli olaraq orada orta aylıq sərfiyyat 250 kilovat-saat yox, 100 kilovat-saat təşkil edir. Gürcüstanda elektrik enerjisinin bir kilovat-saatının dəyəri aylıq 100 kilovat-saat üçün 0,092 manat (9,2 qəpik), 100-300 kilovat-saat üçün 0,12 manat (12 qəpik), 300 kilovat-saatdan çox isə 0.15 manat (15 qəpik) təşkil edir”.
İnkişaf etmiş ölkələrdə bu prosesi dövlətin təyin etdiyi təşkilat yox, bilavasitə istehsalçı şirkətlər müəyyənləşdirir. Məsələn, həyat səviyyəsinin yüksək olduğu varlı Fransada EDF-GDF (Electricite de France, Gaz de France) şirkətləri əhaliyə işıq və təbii qazın satışını həyata keçirir. Məlumat üçün deyim ki, bu ölkədə qiymətlər tez-tez dəyişir. Yəni, hər şey dünya bazarında qazın neçəyə satılmasından, texnoloji proseslər sayəsində elektrik enerjisinin neçəyə başa gəlməsindən asılıdır. Ancaq Fransada qiymətin hesablanması yolu nisbətən fərqlidir. Deyək ki, bir abonent aylıq 100 kvt enerji sərf edib. 1 kvt-ın qiyməti isə 0,0231 avrodur (2,31 sent). Lakin ümumi qiymət fərqlidir, yəni sən 100 kvt x 0,0231=2 avro 31 sent əvəzinə 40 avroluq qəbz alırsan. Bu, ona görə baş verir ki, hər bir region üzrə əmsal müəyyənləşdirilib və hesablanmış qiymət həmin əmsala vurularaq müəyyənləşdirilir. Əmsallar isə nə az, nə çox, 15, 17 və daha çox olur. Eynilə təbii qaz üzrə tariflər də əmsalların tətbiqi ilə hesablanır.
Bu mənada qiymətlərin bir növ çeşidlənməsi zəruri prosesə çevrilir. Ekspertlərin qeyd etdiyi kimi, bu, qənaət rejiminin əhali tərəfdən gücləndirilməsi sayəsində ölkədə elektrik enerjisindən və qazdan daha səmərəli istifadəyə şərait yaradacaq. 
Biz məsələnin başqa tərəfinə diqqəti cəlb etmək istəyirik. Bizdə elektrik enerjisinin haqqı gec ödəniləndə “Azərişıq” xəbərdarlıq məktubu göndərir. Bildirir ki, haqqı ödəməsəniz, mənzilə verilən enerji kəsiləcək. Əgər ev sahibi evdə deyilsə, yaxud ödəmə qabiliyyəti yoxdursa, ikinci xəbərdarlıq məktubu alır və orada bildirilir ki, “bu gün ödəməsəniz xəbərdarlıq edilmədən enerji kəsiləcək”. Fransada da enerjinin haqqı ödənilməyəndə xəbərdarlıq məktubu göndərilir. Lakin orada enerjinin kəsilməsi söhbəti yoxdur. Çünki, enerji olmadan yaşamaq qeyri-mümkündür. Sadəcə olaraq, cərəyanın azaldılması prosesi baş verir ki, bu sərfiyyatın qənaətinə yönəldilib. Deyək ki, azaldılmış cərəyan şiddəti ilə televizor, paltaryuyan maşın, soyuducu və s. birlikdə işləyə bilmir. Sadəcə, buna cərəyanın gücü çatmır. Lakin təklikdə hər biri işləyir və ev sahibi cihazları növbə ilə işlətmək məcburiyyətində qalır. Bu isə böyük vaxt itkisi deməkdir. 
Beləliklə, Tarif Şurasının diferensiasiya proqramı heç də qiymət sıçrayışı deyil. Düzdür, iri istehsal müəssisələrində məsrəflərin artımı bu qərardan sonra qaçılmazdır. Bu da öz növbəsində bəzi məhsuların qiymət artımına səbəb olacaq. Amma bütövlükdə bu qərar qiymət siyasətinin tərkib hissəsi kimi özünü göstərir.

N.NOVRUZ