Türk dünyasının birliyinə Azərbaycan əvəzsiz töhfələr verir

1 Dekabr 2016 09:40 (UTC+04:00)

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin informasiya-kommunikasiya texnologiyaları üzrə birinci Nazirlər toplantısı keçirilib. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Respublikasının sahə üzrə səlahiyyətli şəxsləri iştirak edib.

İclasda İKT-nin inkişafına yönələn çoxtərəfli əməkdaşlıq mexanizmləri və yeni imkanların araşdırılması, regional inkişafı dəstəkləyən təşəbbüs və təkliflər müzakirə olunub.
 Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT üzrə birinci Nazirlər toplantısı dövlət başçıları tərəfindən dəstəklənən təşəbbüsün reallaşdırılması istiqamətində müzakirələrin aparılması, fəaliyyət istiqamətlərinin müəyyən olunması üçün təşkil edilib. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki,  türkdilli ölkələr arasında iqtisadi və infrastruktur layihələrinin uğurlu inkişafı üçün Azərbaycan səylərini əsirgəmir. 
Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi  üzvləridir. Rəsmi sənədlərdə qeyd edilməsə də təşkilatın həyata keçirdiyi layihələrə əsasən demək olar ki, onun vəzifələrindən biri də vaxtilə tarixin gedişinə böyük təsir göstərmiş Türk siviliziyasının bugünkü simasını işıqlandırmaqdır. Türk Şurası getdikcə enerji yığır, müasir iqtisadi-siyasi tendensiyalar qoynunda əl-ələ verib gələcəyə doğru addımlayır. Hazırda bu ölkələrin hökumətləri tərəfindən dəstəklənən infrastruktur layihələri arasında Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü olan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi əməkdaşlığın uğurlu inkişafı üçün böyük önəm daşıyır. Çünki, indiki dövrdə elektron vasitələrsiz inkişafı təsəvvür etmək mümkün deyil. Bu sübut edir ki, türk dünyasının təşəkkülü və tərəfdaşlığı yolunda Azərbaycan xüsusi səy göstərir.
Məsələ burasındadır ki, Türk Şurasının da əsası Azərbaycanda qoyulub. Şuranın qarşısında  qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət və sairə sahələrdə birgə fəaliyyət proqramlarının həyata keçirilməsidir. Bu minvalla təşkilatın üzvləri arasında yaxınlaşma baş verir və ümumi ortaq dəyərlər yaranır. 
Qərargahı Ankarada yerləşən TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı), Qərargahı Bakıda yerləşən TÜRKPA-nın (Türkdilli Ölkələrin Parlament Assambleyası), Qazaxıstanda qeydiyyatdan keçmiş Türk Akademiyasının,  mərkəzi ofisi Bakıda olan Türk Mədəniyyəti və İrsi Fondunun, Türk Biznes Şurasının işində də Azərbaycan öncüllük nümayiş etdirir.
Hazırda regionda beynəlxalq miqyasda həyata keçirilən layihələrin mərkəzində yer alması sanki Azərbaycanın qismətinə yazılmış missiyadır. Təsadüfi deyil ki, layihələrin əksəriyyəti, məsələn  enerji daşıyıcılarının tranzit nəqli, qaz kəmərləri şəbəkəsi, Qədim İpək yolu, nəqliyyat dəhlizləri və sairə məhz Türk Şurası ölkələrinin iştirakı ilə baş tutur. Azərbaycan isə bu layihələr üzrə koordinasiyanı uğurla həyata keçirir. 
Türk Şurasının beynəlxalq təşkilatlarla əməkdaşlığı bəhrəsini verməkdədir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə sıx əlaqələr qura bilib. Azərbaycan Prezidenti İlham Əliyevin qondarma erməni «soyqırımı» ilə əlaqədar erməni iddiasına beynəlxalq məclisdə “Türkiyənin nümayəndəsi burada yoxdursa mən buradayam” deyə tutarlı cavab verməsi, yaxud R.T.Ərdoğanın yeri gələndə Azərbaycanı müdafiə etməsi türk dövlətlərinin birliyinə aparan yolun məşəlinə çevrilən faktlardır. Bütün bunlar Azərbaycanın Dünya Türk Birliyinin ilhamverici qüvvəsinə çevrilməsini şərtləndirir. Bu cür dayaqlar üzərində qurulan birlik əbədiyaşar status qazanar.
N.NOVRUZ