İşıq və qazdan daha səmərəli istifadə olunacaq

1 Dekabr 2016 09:50 (UTC+04:00)

Xəbər verildiyi kimi, Tarif Şurası kommunal xidmətlərin qiymətlərinin differensiallaşdırılması barədə qərar qəbul etdi. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. 

Bundan başqa, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. 
Mütəxəssislərin fikrincə, Tarif Şurasının müvafiq qərarından sonra təbii qaz və elektrik enerjisinin daha qənaətlə istifadəsi qaçılmaz olacaq. Bununla da sözügedən sektorda izafi sərfiyyartın qarşısı xeyli dərəcədə  alınmış olacaq. 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, bu cür hallar insanlarda adekvat olaraq işığa, qaza daha qənaətcil yanaşmaq meylini artırır: “Gözlənilən odur ki, əhali daha az sərfiyyatı olan vasitələrdən, məişət cihazlarından istifadəyə üstünlük verəcək.  Yəni, daha qənaətcil rejimdə işləyən avadanlıqlara meyl artacaq. İstehsal müəssisələrində isə enerji daşıyıcılarına nəzarət daha da güclənəcək. Onlar da maksimum dərəcədə əlavə sərfiyyata yol verilməməsinə çalışacaqlar”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu, iqtisadi olmaqla yanaşı, həm də sosil-psixoloji məsələdir: “İnsanları bahalaşmanın sosial vəziyyətlərinə necə təsir edəcəyi maraqlandırır. Düzdür, kommunal qiymətlərin artımı xərcləri artıracaq. Ancaq məsələnin müsbət tərəfi də var. Belə ki, qiymətlərin artımı əhalini qənaətcil rejimə keçməyə vadar edəcək. Yəni, əlavə, izafi xərləmələr azalacaq. Nəticədə elektrik enerjisi, təbii qaz istehlakında əlavə itkilərin qarşısı alınmış olacaq”.
"Himayədar" Humanitar Tərəqqi İctimai Birliyinin sədri Himayət Rizvanqızı bildirdi ki, enerji sərfiyyatının təxminən yarıdan çoxu şəhərlərdə,  70%-dən çoxu isə qış aylarında istifadə olunur: “İnsanlar qaz və işıqdan daha qənaət istifadəyə etməyə məcbur olacaqlar. Amma insanların  xidmətlərdən daha qənaətcil şəkildə istifadə edə bilməsi üçün maarifləndirmə işlərinə ehtiyac var. Yəni, insanlarımaızda istehlak mədəniyyətinin yüksədilməsi üçün məqsədyönlü fəaliyyət həyata keçirilməlidir. Maairflənmə daha qənaətcil  ola bilməmizin əsas şərtidır. Bu məqamda medianın da üzərinə böyük iş düşür. Çünki insanların bu mövzuda maarifləndirilməsinin ən effektli vasitələrindən biri, bəlkədə birincisi KİV-dir”.   
Mübariz BAYRAMOV