Yaşayış minimumu 19 manat artacaq

1 Dekabr 2016 12:17 (UTC+04:00)

“Gələn ilin yaşayış minimumu 14% və yaxud 19 manat artırılacaq”. Movqe.az xəbər verir ki, bunu Milli Məclisdə komitələrin 2017-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. 

Nazir bildirib ki, “2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb. Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manat təşkil edir.