MOK-un İcraiyyə Komitəsinə yeni üzvlər seçilib

1 Dekabr 2016 21:00 (UTC+04:00)

Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib. Movqe.az-ın məlumatına görə, bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qurumun hesabat seçki Baş Məclisindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 17 nəfərlik komitədə yeni üzvlər olimpiya çempionu Nazim Hüseynovla Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev olacaq: "Qalan üzvlərin tərkibində dəyişiklik baş vermədi. Yəni, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, millət vəkili Rauf Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, əməkdar bədən tərbiyəsi və idman ustası Rəfiqə Şabanova, Natiq Əliyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Zərifə Salahova, Naxçıvan MR-in gənclər və idman naziri Azad Cabbarov daha 4 il müddətinə İK üzvü kimi fəaliyyət göstərəcəklər. Eyni zamanda dövlət başçısı İlham Əliyev yenidən MOK-un prezidenti, mən, Azad Rəhimov və Xəzər İsayev vitse-prezident, Ağacan Abiyev isə baş katib seçildilər".
Qeyd edək ki, MOK-un yeni tərkibi 2020-ci ilədək fəaliyyətdə olacaq.