Böyük marketlərdən bazarlıq daha ucuz başa gəlir

8 Dekabr 2016 10:50 (UTC+04:00)

Manatın devalvasiyasıvə kommunal xidmətlərə görə tariflərdə edilən dəyişikliklər insanları qənaət rejiminə daha çox diqqət yteirməyə sövq edir. Artıq insanlar istehlak xərclərinin artmaması üçün daha ciddi seçim etməyə çalışırlar. Seçim etmək üçün satış mərkəzlərimiz, marketlərimiz də az deyil. Diqqəti çəkən məqam isə odur ki, eyni məhsulun satış qiyməti  iri marketlərdə kiçik mağazalara nisbətən daha aşağı olur. Hətta alınana məhsullar çoxalarsa, bu xərclər arasındakı fərq hiss ediləcək qədər böyüyür. İqtisadçılar bunun iqtisadi əsaslı olduğunu deyirlər.

İqtisadi Resursların Araşdırılması Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, burada bir neçə səbəb var: “Birincisi, böyük marketlərdə satış həcmi böyükdür. Ona görə də onlar satdığı məhsulun üzərinə az marja qoyur. Nəzərə alaq ki, hər bir marektin öz xərci var. Satış həcmi kiçik olanda marketin xərci də böyük görünür. Ona görə də kiçik marketlər malın üzərinə daha çox pul qoymağa məcbur olur. O baxımdan eyni məhsulun qiyməti kiçik mağazalarda daha baha olur. İri marketlərdə isə dövriyyə böyük olduğundan malın üzərinə kiçik marketlərdə olduğu qədər böyük pul qoymur. Böyük dövriyyə böyük gəlir deməkdir. 
Həmçinin nəzərə alaq ki, kiçik marketlərdə müştəri az olur. Böyük marketlərdə isə alış da, məhsulların növləri də çoxdur. Hansı ki, bunlar gəlir səviyyəsinə təsir göstərən amillərdir. Digər səbəb kimi topdansatış məntəqələrindən malın necə götürülməsini göstərə bilərik. İri marketlər daha çox məhsul götürdüyündən onlara mal daha ucuz başa gəlir. Hansı ki, kiçik marketlər onlar qədər endirimlər əldə edə bilmirlər. Bundan başqa, hətta bəzən iri marketlərin təchizatçıları elə özləri olur. Ona görə də sonda qiymətlər arasında fərq yaranır”.
Ekspert əlavə etdi ki, bu gedişlə kiçik marketlərin sıradan çıxması real görünmür: “Elə inkişaf etmiş ölkələrdə də kiçik marketlər həmişə olub. Kiçik mağazaların rəqabətə davam gətirməsi üçün də səbəblər mövcuddur. Məsələn, onlar yaxın məntəqədə yerləşirlər. Yaxud da nisyə mal verməklə rəqabətə dözə bilirlər”.
Digər iqtisadçı-eksper Xalid Mikayılov hesab edir ki, marketlərdə qiymətlər arasındakı fərq iri marketlərin topdansatış məntəqələri ilə işləməsindəndir: “İri marketlər firmalara marketdə yer ayırır ki, bu, onlar üçün həm də reklam rolunu oynayır. Bu baxımdan iri marketlərin firmalardan güzəşt almaq şansları daha çox olur. Kiçik marketlər isə təchizatı əsasən 3-cü, 4-cü təchizatçılardan əldə etdiyi məhsullar və xidmətlər əsasında təmin edir ki, bu da qiymətlərin nisbətən yüksək olmasını qaçılmaz edir. Həm də kiçik mağazalarda məhsullar kiçik partiyalarla alındığı üçü onlar üçün malları çox vaxt pərakəndə satış qiymətinə gəlir. 
Kiçik marketləri məhəllə marketləri də adlandırmaq olar. Onlarda bəzən ticarət münasibətləri tanışlıq üzərindən qurulur ki, bu da məhsulları nisyə yolla almağa imkan yaradır. Bu tip mağazalar həm də yaşayış yerlərinə yaxın məsafədə yerləşməsi baxımından əlverişlidir”. 
Xalid Mikayılovun fikrincə, istehlakçı inamının artdığı vaxtlarda kiçik marketlər sıradan çıxma təhlükəsi ilə üzləşə bilər: “İqtisadi vəziyyət normal olanda istehlakçı güvəni artır ki, bu da nəticədə əhalini böyük marketlərə yönəldir. İri marketlərdə qiymətlərin aşağı olmasından başqa, yüksək xidmət, çoxçeşidli məhsullar əhalini istehlak davranışını dəyişməyə yönəldir”. 
Mübariz BAYRAMOV