Asfalt yollar yapışqanla yamanacaq

24 Aprel 2012 14:37 (UTC+04:00)

Təəssüf ki, indiyə qədər asfalt yolların sürətli və adekvat təmir problemi öz optimal həllini tapmır. Yol örtüyünün bütün zədələrini dərhal təmir etmək lazımdır, yoxsa çüxur və çatlar dağılmağa başlayır. Bu isə təhlükəlidir, çünki yol-nəqliyyat hadisələrinin baş verəcəyi yerlərin sahələri artır və həmçinin gələcəkdə bu yollara ayrılacaq xərclər çoxalır. Örtüyün hər kvadratmetrinin əvəzinə yolu bağlayaraq və sürücülərin narahatlığına səbəb olaraq on kvadratmetr ərazinin asfalt örtüyünü dəyişdirmək lazım gəlir.

Həmçinin çatları və çüxurları operativ olaraq təmir etmək həmişə mümkün olmur - məsələn, ilin soyuq və yağışlı vaxtında bu cür təmirləri aparmağın, ümumiyyətlə, mənası yoxdur, belə ki, asfalt örtüyünün mikroçatları arasına düşən su donan vaxt genişlənir və yenicə salınmış asfalt təbəqəsini dağıdır. Ona görə də daha çox kompromis qərar qəbul edirlər - havanın yaxşı olması vaxtına qədər zədə yerini bağlayan kiçik müvəqqəti yamaq qoyurlar. Vaxt yetişdikdə isə asfalt yolu tamamilə təmir edirlər.

Keyz Qərbi Ehtiyat Universitetindən (ABŞ) olan bir qrup gənc mütəxəssis çox orijinal müvəqqəti yol yamağı modelini hazırlayıblar. Belə ki, alimlər bəzi mayelərdə bir maraqlı xüsusiyyət aşkar ediblər - əgər zərbə ilə (məsələn, çəkiclə) vurularsa, onlar dərhal bərkiyir. Bu hal uzun çəkmir və müəyyən vaxtdan sonra maddə yenidən maye halına keçir. Alimlər bu substansiyadan müvəqqəti yol yamağı kimi istifadə etmək qərarına gəlmişlər.

"Biz, sadəcə, işləyə biləcəyimiz müxtəlif variantları nəzərdən keçirdik və hamının rastlaşdığı və nifrət etdiyi problemi aşkar etdik. Bu, yol çüxurlarıdır"- müəlliflərdən biri Ketris Ober izah edib. Onun sözlərinə görə, tədqiqatçılar qrupu tərəfindən aşkar olunan qeyri-Nyuton maddəsi müvəqqəti yamaqlar üçün əla materialdır. Axı xarici təsir olmadan o, axaraq çüxurları doldurur və hamar üst sahə əmələ gətirir. Lakin ona avtomobil təkəri toxunan kimi maye dərhal bərkiyərək asfalt kimi möhkəm substansiya yaradır.

Alimlər bu materialı almaq üçün əvvəlcə bir-biri ilə yerdəyişmə vaxtı sürtünmənin sürətini kəskin şəkildə artıran hədsiz miqdarda kiçik hissəciklər hazırlayıblar. Bunu nəzərə alaraq məntiqi olaraq güman etmək olar ki, mayeyə təsir nə qədər güclü olarsa, o, daha çox bərkiyir. Sonra bu hissəciklər möhkəm kevlar saplı parçadan hazırlanmış sukeçirməz kisələrə tökülmüşdür. Lakin tədqiqatçılar müvafiq su həcmini artıq yerində - mayenin çüxura tökülməsindən qabaq əlavə etmişlər.

Klivlendin bəzi əsas yollarında aparılmış sınaqlar çox uğurlu alınmışdır - maye ilə dolu olan kisələr çüxurları tam doldurmuş və avtomobillərin təsirindən yerini dəyişməmişdir. Maraqlıdır ki, bu yerlərdən keçən avtomobil sürücüləri bir səslə bildirmişlər ki, heç nə hiss etməmişlər, onlara elə gəlmişdir ki, avtomobil adi asfalt yolla hərəkət edir.

Eksperiment yerində aparılmış ölçmələr isə göstərmişdir ki, maye ilə dolu kisə çüxurda o qədər "böyüyür" ki, kənarlarda heç bir deşik və ara qalmır.

Və beləliklə, belə alınır ki, yeni yamaqlar həqiqətən yoldakı çüxur problemini aradan qaldıra bilər. İlk baxışda adama elə gəlir ki, bu, kifayət qədər bahalı metoddur (təkcə kevlar sapının istehsalı elə də ucuz deyil). Amma nəzərə almaq lazımdır ki, heç bir emal olmadan bu maye yamaqlardan bir neçə dəfə istifadə etmək olar. Yolların əsaslı təmiri zamanı kisəni sadəcə olaraq çüxurdan çıxarır və yamağa ehtiyac olan başqa yerlərdə işlədirlər.

Sözügedən layihə Fransanın Saint-Gobain şirkətinin keçirdiyi gənc mühəndislər müsabiqəsində birinci yeri tutub. İndi ixtiraçılar öz işlərini patentləşdirmək istəyirlər. Bundan başqa, layihə yol tikintisi ilə məşğul olan bəzi şirkətləri də maraqlandırıb. Ona görə də yaxın vaxtlarda bu "möcüzə-yamaqların" istehsalına başlanacağı istisna deyil. Və onda dünya yolsuzluğuna hissedilən zərbə vurulacaq.