Ötən il 36 368 litrdən çox qan tədarük edilib-Mərkəzi Qan Bankında

11 Yanvar 2017 11:58 (UTC+04:00)

"2016-cı ilin 11 ayı ərzində respublika üzrə 76 692 nəfər donor kimi qan verib". Movqe.az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfuziologiya və Hematologiya İnstitutunun ötən ilin yekunlarına həsr olunmuş tədbirində Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova bildirib. N. Abbasova deyib ki, 2016-cı ildə Mərkəzi Qan Bankı üzrə donorların sayı 44 393 nəfər olub: "Ümumilikdə ötən il ərzində respublika üzrə 36 368 litrdən çox qan tədarük edilib. Aşura günü 4 141 nəfər qan verib, tədarük edilən qanın miqdarı isə 1863 litrdən çox olub".

N. Abbasovanın sözlərinə görə,  2010-cu ilin nəticələri ilə 2015-ci ilin nəticələrini müqayisə etməklə, qan xidməti prosesinində inkişafı açıq-aydın görünür : "2010-cu ildə Respublika üzrə 46530 nəfər donorluq edərək qan veribsə, 2015-ci ildə bu rəqəm 61.6 faiz artaraq 75184 nəfər olub. Bu rəqəmlərin də təxminən 54.5 faizi MQB nın payına düşür. Yəni, 40972 donor  MQB -ya qan verib.Ölkə üzrə 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilibsə, 2015-ci ildə bu rəqəm artaraq 36 ton 598 litrə qədər yüksəlib. 2016- cı ildə MQB üzrə 44393 nəfər qan verərək donorluq edib. Talassemiya ilə mübarizəyə dair Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunub. Xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin edilib: "Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyasının da yerinə yetirilməsinə başlanıb. Görülən tədbirlər talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlik nəticəsində əlillik və ölüm hallarının azaldılmasına gətirib çıxarıb".

Zülfiyyə QULUYEVA