Türikyə daha aktiv şəkildə Qarabağ münaqişəsinin həllinə cəlb olunur

13 Yanvar 2017 09:15 (UTC+04:00)

Yanvarın 23-də Rusiya və Türkiyə rəsmiləri Astanada Suriya ilə bağlı görüş keçirəcək. Hər iki dövlət Bəşər Əsəd rejimini Suriyanın siyasi və hərbi müxalifəti ilə barışdırmaq istəyir. Rusiya-Türkiyə ittifaqı Qərbə sübut etmək istəyir ki, Vaşinqton və Brüsselin iştirakı olmadan da Suriya problemini yoluna qoya bilər. Görəsən, eyni ittifaq Qərbi astanada qoyaraq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini də sürətləndirə bilərmi? 

Ankaranın buna hazır olmasını sübut etməyə ehtiyac yoxdur. Yetər ki, nəhayət Moskva ortaya konkret mövqe qoysun. Buna isə inanmaq o qədər də asan deyil və ciddi düşüncə tələb edir. Çünki, münaqişənin yaradıldığı vaxtdan keçən dövr ərzində keçirilən saysız-hesabsız görüşlər, məsləhətləşmələr, vədlər və atılan addımlar sübut edir ki, Kreml mənsubları münaqişə üzərində ya son məqsədlərinə çatmayıblar, ya da onu həll etməyin dəqiq zamanını müəyyənləşdirə bilmirlər. Halbuki, münaqişə üzərində olan iki tərəfdən biri, ərazisi işğala məruz qalan və zərərçəkən Azərbaycan, habelə beynəlxalq siyasi institutlar çoxdan élan ediblər ki, zaman çatıb, keçikmə genişmiqyaslı hərbi əməliyyatlara çevrilə bilər. Türkiyə tərəfi də bu iddianı ikiəlli dəstəkləyir.
Bu gün Yaxın Şərq böhranının gedişində bir müddət düşmənçilik, daha sonra arada xain əllərin olduğu üzə çıxandan sonra yenidən, daha möhkəm maraqlarla birlik nümayiş etdirən Türkiyə və Rusiya özlərinin də iştirakçısı olduqları hadisələrə yeni bir yanaşma göstərməyə başlayıblar. Qərbin Türkiyəyə münasibətdə ikili standartlar mövqeyindən çıxış etməsi də vəziyyətə birbaşa təsir edib. Türkiyə-Rusiya birliyinin nəticəsi necə olacaq, bunu zaman göstərəcək. Amma faktlar onu göstərir ki, Suriya üzrə bu iki ölkənin həmrəyliyi real dönüşə səbəb olub. İndi qalır bu dönüşün uzunmüddətli sabitliyinə nail olmaq. Bu sahədə də intensiv danışıqlar davam edir. Belə olan halda ümid yaranır ki, eyni hal Dağlıq Qarabağ münaqişəsinin həllində də baş verəcək. 
Biz əvvəlki yazılarımızda iddia etmişdik ki, Rusiyaya Cənubi Qafqazda fəaliyyət azadlığı, sərbəstlik lazımdır. Lakin Qərb öz tərəfdaşı Türkiyə ilə buna ciddi maneə törədir. Bunun da səbəbi var. Enerji daşıyıcılarının Avropaya daşındığı nəqliyyat sahəsinə Rusiyanın nəzarət etməsinə imkan vermək olmaz. 
Lakin indi vəziyyət bir qədər başqa xarakter alıb. Məsələ burasındadır ki, Ermənistan tam olaraq Rusiyanın nəzarəti və hökmü altındadır. Qərb istəsə də, istəməsə də bununla barışmaq məcburiyyətindədir. Ermənistanın Rusiyanın caynağından qurtulması yaxın gələcəyin işi deyil. Demək, Rusiya onsuz da Qafqazda möhkəmlənməklə regionda söz sahibinə çevrilib və buradan Yaxın Şərqə də əllərini asanca uzada bilir. İndi Kremli düşündürən əsas məsələlərdən biri yaranmış bu yeni mənzərə ilə region ölkələrinin barışmasıdır. Türkiyə buna razılaşır, amma bir şərtlə ki, Dağlıq Qarabağın sovet dövründə malik olduğu muxtariyyət statusu yüksəldilməklə onun tam olaraq Azərbaycan ərazisi olması təsbit edilsin. Bunu istəməyən Ermənistanın “hüquqsuz” siyasi hakimiyyətidir. Hətta erməni xalqı da başa düşür ki, əvvəl-axır lider Azərbaycanın hakimiyyəti Qarabağda bərpa olunacaq. Amma Qərb bu vəziyyətdən istifadə edərək Ermənistanı öz tərəfinə çəkməyə çalışır. Elə bu nöqtədə də mövqelər toqquşur. 
Hər bir halda yaranmış şərait 2017-ci il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Türkiyə-Rusiya tandeminin patronajlığı ilə müəyyən prinsipial məsələlərin razılaşdırılması tam gözləniləndir.
N.NOVRUZ