Aprel şəhidinin son görüş günü, son doğum günü-Reportaj+FOTOLAR

13 Yanvar 2017 11:05 (UTC+04:00)

13 yanvar...Ötən il bu gün, hərbi xidmətdən məzuniyyət götürüb gəlmişdi Fəxrəddin Qurbanlı evə. Gəldi, doğum gününü, 22 yaşını ailəsi ilə birgə qeyd edərək döndü hərbi xidmətə. Atasının, anasının, bacısının boynunu son qucaqlaması oldu bu Fəxrəddinin. Doğulduğu günün onu dünyaya gətirən valideynləri ilə son görüşü olacağını hardan bilərdi ki? Hardan bilərdi ki, dünyaya gəldiyi gün, təqvimə son görüş günü kimi düşəcək? Yenə o gündür... Yenə yanvar ayının 13-dür. Yenə ailəsi Fəxrəddinin doğum gününə yığışıb. Amma bu dəfə fərqli ünvana... Fəxərddin Qurbanlının Pirşağıda, Şuşa qəbiristanlığında uyuduğu məzarının qarşısına... Bu ad günü törəni ötən dəfəki doğum günündən fərqlənirdi. Bu dəfə Fəxrəddinin ad gününə el-oba yığışmışdı. Hər kəs burdaydı. Ailəsi ilə yanaşı qohumları, dostları, yaşadığı Binəqədi rayon ictimaiyyəti, Binəqədi qəsəbə sakinləri, tələbə yoldaşları, hətta müəllimləri də... Heç vaxt belə izdihamlı, qələbəliklə keçməmişdi Fəxrəddinin ad günü... Bircə özü  cismən yox idi aramızda... Sağ olsaydı, ömrünün 23- cü qışını yaşayacaqdı. Amma Fəxrəddin Qurbanov ölümsüzlüyü, ən ali zirvə olan şəhidliyi seçdi. Ötən ilin aprel ayının 1-dən 2-nə keçən gecə Tərtərin Seysulan kəndi istiqamətində gedən şiddətli döyüşlərdə şəhid oldu Fəxrəddin Qurbanlı.  

Movqe.az şəhidin ad günündən hazırladığı reportajı təqdim edir...


Fəxrəddini bu dəfə də həmişəki kimi ilk təbrik edən, onu dünyaya gətirən anası Həzimə Qurbanova oldu: “Mən sənsiz neyniyirəm ad gününü. Mən sənin yolunu gözləyirdim. Hər ad gününü ailənlə qeyd edirdin. Bu gün isə doğum gününə bütün doğmaların, dostların, rayon, qəsəbə yığışıb. Yoxluğunun bircə təsəllisi, canını Vətən yolunda qurban verməyin, şəhid olmağındır" .  Şəhid anası bu gün Fəxrəddinin ad gününə onun xoşladığı tortu, yeməkləri hazırladığını dedi: “Fəxrəddin “Napaleon” tortinu, yeməklərdən isə yarpaq dolmasını xoşlayardı. Hər ikisini hazırlamışam. Amma sən yoxsan, kim kəsəcək o tortu?”.
N. Qurbanova deyir ki, oğlu ad günlərini təntənəli keçirtməyi xoşlamazmış: “Sadəliyi sevərdi mənim oğlum. Hədiyyə almaqdan çox, hədiyyə verməyi çox xoşlayırdı Fəxrəddin. Bacısı ilə mənə ad günümdə parfumeriya səbəti hazırlatmışdılar. Sən demə bizim onlara yemək almaq üçün verdiyimiz pullardan saxlayıb alıbmışlar bu hədiyyəni mənə. Son hədiyyəsi isə mənə təyziq ölçən cihaz oldu. Tələbə təqaüdü ilə aldı o hədiyyəni mənə balam. Dedi istımirəm orda səndən nigaran qalım. Təyziqini tez-tez yoxla...”. Fəxrəddin belə ailəcanlı uşaq idi. Məni heç vaxt incitməzdi. Həmişə qayğıma qalırdı. Ötən ilin bu günü evdə idi. Doğum gününü birgə qeyd etdik. Nə bilərdim ki, bu balamın onunla keçirdiyim son ad günü olacaq...”.
Fəxrəddinin  məzarı önündə çıxış edən atası Seyfəddin Qurbanov isə bu gün şəhidi anmaq üçün onun məzarına qədər gələnlərə təşəkkürünü bildirdi:"Mən fəxr edirəm ki, mənim oğlum da, aprel döyüşlərində şücaəti ilə ermənilərin "Ohanyan"səddinin mif olduğunu sübut etdənlər arasında oldu. Əlbəttə oğul itgisi ata üçün dözülməzdir. Biz ancaq onunla təsəlli tapırıq ki, Fəxrəddin canını bu Vətən yolunda fəda edib.Vətən sağ olsun”. 

Şəhidin məzarı önündə çıxış edən Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva Fəxrəddinin bütün Azərbaycan, Binəqədi gənclərinin vətənpərvərlik ruhunda böyüməsi üçün nümunə,örnək olduğunu söylədi. A. Əliyeva qəsəbədə hər kəsin Fəxrəddinlə qürur duyduğunu vurğuladı:" Fəxrəddin dünyaya sadə bir ailənin üzvü kimi gəldi. Lakin, dünyadan bütün Azərbaycanın övladı kimi köçdü".
Daha sonra çıxış Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının nümayəndəsi Rauf Həsənov F. Qurbanlının məzarının həqiqi hərbi xidmətə yollanan gənclər üçün bir and yerinə çevrildiyini söylədi.Şəhidliyin, ölümsüzlüyün ən ali zirvəsi olduğunu, şəhidlərimizin uyuduğu məzarların and yerimiz olduğunu bildirdi. 
Bu gün Fəxrəddini təbrik etmək üçün məzarlığa, onun uyuduğu yerə qədər gələnlər arasında onun məzun olduöu 179 saylı tam orta məktəbin müəllimi, sinif rəhbəri Sevinc Cabbarova da vardı. Sevinc müəllimə 5 sinifdən 11-ci sinfədək Fəxrəddin Qurbanlının sinif rəhbəri olduğunu deyir: “Göz yaşlarıma hakim ola bilmirəm. Fəxrəddin mənim qarşımda böyüyüb, təhsil alıb. O qədər mehriban, gülərüz, dostcanlı,tərbiyəli uşaq idi ki...Sözəbaxan, ağıllı şagird idi. Məni yadından çıxartmamışdı orta məktəbi bitirəndən sonra da... Müəllimlərini çox sevirdi. Onun yoxluğunda bizi ovunduran yeganə məqam şəhid olmasıdır. Allah rəhmət eləsin”.  
Fəxrəddinin məzun olduğu 179 saylı məktəbib hərbi müəllimi Sənan Məmmədov da Fəxrəddin Qurbanlının  vətənpərvər şagird kimi yaddaşlarda iz buraxdığını söyləyir: “Vətəni üçün canlndan keçməyə hazır olduğu məktəb illərindən hiss olunurdu. Bizim məktəbdə vətənpərvərlik tərbiyyəsi çox yüksəkdi.Onun yoxluğu bizim üçün ağırdır. Amma bircə təsəllimiz ondadır ki, o bu Vətən yolunda canından keçib.Qəbri nurla dolsun. Biz Fəxrəddini məktəbimizin yeniyetmələri üçün nümunə çəkirik”.  
179 saylı məktəbin direktoru Almaz İsmayılova isə bildirdi ki, Fəxrəddin bu məktəbdə təhsil alan gənclər üçün bir nümunədir:" İnsan elə yaşamalıdır ki, dünyadan köçdükdən sonra da yaddaşlardan silinməsin. Fəxrəddin belələrindəndir. Gəncliyə nümunədir. Qürur yerimizdir". 
Fəxrəddinin doğum günü törəni Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət Evində də davam etdib. F. Qurbanlının doğum günü üçün hazırlanan toplantı müstəqil Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açıldı. Şəhidin ruhu bir dəqiqəlik sükutla yad edildi. Fəxrəddini aprel günü şəhidlik zirvəsinə aparan səhnələşdirilmiş son döyüş anı nümayiş olundu.Daha sonra tədbirdə Binəqədi rayonundan həqiqi hərbi xidmətə yollanacaq yanvar çağırışçılarının and içmə mərasimi  ki, keçirildi. Tədbir şəhidin məzun olduğu 179 saylı məktəb şagirdlərinin vətənpərvərlik ruhunda şeirləri ilə davam etdirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Aygün Əliyeva, Binəqədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov da iştirak edib. Beləcə bu doğum günü Fəxrəddin cismən aramızda olmasa da, Vətən uğrunda fədakarlığı ilə hər kəsin qəlbində ən uca zirvədə qərarlaşdığını sübut etdi. Özünün sosial şəbəkədəki son statusunda yazdığı kimi, “gedib də gəlməmək, gəlib də görməmək var”mış qismətdə. Son statusunda yazdığı son kəlmənin  isə bizi bir gün onun aparacağl şübhəsizdir: “Getdik, istiqamət Tərtər, Doğma Qarabağ!"...
Xatırladaq ki, Fəxrəddin Qurbanlı ötən ilin aprel ayının 1-dən 2-nə keçən gecə Tərtərin Seysulan kəndi istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olub.  Amma ölüm xəbəri ailəyə aprelin 8-də bildirilib.Şəhidin nəşi neytral zonadan çıxarılandan sonra ailəsinə verilib. Fəxrəddin Qurbanlı 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsindən məzun olub. Fəxrəddinin anası Nəzimə xanım I qrup, atası Seyfəddin kişi isə II qrup əlildir. 


Reportajı hazırladı: Zülfiyyə Quluyeva