Naxçıvandan Ermənistana edilən xəbərdarlıq

14 Yanvar 2017 07:00 (UTC+04:00)

Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: "Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb". Prezident İlham Əliyev vurğulayıb ki, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir. 

Bunu Naxçıvandan Ermənistana edilən xəbərdarlıq saymaq olarmı? Çünki Prezident açıq bildirir ki, Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır. 
Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi həmin fikirlər işğalçı Ermənistana edilən xəbərdarlıqlardan biridir : “Cənab Prezident keçən ilin yekunlarına dair keçirdiyi Nazirlər Kabinetinin iclasında, habelə Naxçıvana olan səfərində də qeyd etdi ki, bütövlükdə Azərbaycan Ordusu və onun tərkib hissəsi olan Naxçıvanda yerləşən hərbi hissələr ən yüksək döyüş qabiliyyəti və qüdrətinə malik, müasir standartlara cavab verən silahlarla təchiz olunmuş hərbi hissələrimiz sırasındadır.  
Hərbi qüvvələrimiz hər an düşmənin paytaxtını yerlə-yeksan və darmadağın etməyə hazır vəziyyətdədirlər. Cənab Prezident öz məruzəsində qeyd etdi ki, Azərbaycan müharibə vəziyyətindədir və ona görə də ordumuzu ən müasir silahlarla təmin edir, ordumuz ən yüksək döyüş hazırlığına malikdir və bundan sonra da bu belə olacaq. O, çıxışında bir cümləyə toxunaraq bildirdi ki, silahlarımızı nümayiş etdiririk, ancaq elə silahlarımız da var, onu vaxtı gələndə, lazımı yerlərdə nümayiş etdirəcəyik. Bu da düşmənin bağrını yarmaq, onun havadarlarına xəbərdarlıq üçün bir mesajdır. Sözsüz ki, Azərbaycan Ordusu güclüdür, günü-gündən daha da güclənir, silahlanır. Çünki torpaqlarımız işğal altındadır, ordumuz torpaqları işğaldan azad etmək üçün hər an yüksək hazır vəziyyətdə olmalıdır. Müstəqilliyimizi, dövlətçiliyimizi, təhlükəsizliyimizi qorumaq üçün Azərbaycan Ordusu ən yüksək səviyyədə hazırlığa malik olan ordulardan  biridir və bu belə də olacaq”.  
Hərbçi ekspert Rahib Qərib də Prezidentin Naxçıvanda səsləndirdiyi fikirləri Ermənistana edilən xəbərdarlıq kimi dəyərləndirdi: “Onsuz da vaxtilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun yaradılması Ermənistana böyük bir xəbərdarlıq idi. Bildiyiniz kimi, vaxtilə Prezidentin göstərişilə belə bir əlahiddə qoşun yaradıldı. Orada qüvvələrimizin möhkəmləndirilməsi və artırılması barədə bəyanat verilsə də, verilməsə də, Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu böyük və peşəkar bir qüvvəyə malikdir. Təbii ki, Prezidentin Naxçıvanda ordumuzla bağlı səsləndirdiyi fikirlər Ermənistana bir xəbərdarlıqdır. Azərbaycanın işğal olunmuş əraziləri təhlükə altında qalmaqdadır. Bu ərazilərin azad edilməsi üçün də istənilən an ordumuzun qüvvələrindən istifadə oluna və Azərbaycanın ərazi bütövlüyü təmin oluna bilər”.
Rüfət  NADİROĞLU