Azərbaycana naxələf çıxanlar

14 Yanvar 2017 09:15 (UTC+04:00)

Bloqqer Mehman Hüseynov və onun qardaşı Emin Hüseynovun fəaliyyəti göstərdi ki, bu şəxslər və onların yanında olanlar, eləcə də xaricdən maliyyələşən müəyyən qruplar hələ də Azərbaycana qarşı vasitə olaraq istifadə edilirlər. Özü də onlar bunu bilərək həmin prosesdə iştirak edirlər. Siyasi şərhçilərin fikrincə, bu cür həyat tərzi onların yaşamalarına, asan qazanc əldə etmələrinə şərait yaradır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, Hüseynov qardaşları uzun illər ərzində xarici ölkələrdən qrant alaraq, onu mənimsəyərək yaşayıblar: “Mehman Hüseynovun qardaşı Emin Hüseynovun aldığı qrantların məbləği milyonlarla  dollar həcmində ölçülür. Bu səbəbdən həm də vəsaitlərin mənimsənilməsi faktı var. Yəni, onlar aldıqları pulları təyinatı üzrə xərcləməyiblər. Hansısa formada vergi ödənişləri də yox idi. 
Eyni zamanda ayrı-ayrı donor təşkilatların nümayəndələri ilə ortaq qaydada bu vəsaitlərin bir hissəsi geriyə qaytarılırdı. Konkret olaraq ortalıqda korrupsiya faktı var idi. Bunların düşüncələri, mənəvi dəyərləri bu qədərdir. Təkcə Azərbaycana qarşı olan münasibətdə bu cür deyillər. Bir insan, xarakter olaraq belədirlər. Mehman Hüseynovun fəaliyyətində isə qanuni heç nə yoxdur, onun fəaliyyəti təxribatdır. Çünki, Mehman Hüseynovun yaydığı videoların hamısı yalan məlumatlardan ibarət olub. Ortalıqda konkret fakt yoxdur. Haqqında danışdığımız şəxs istənilən binanı çəkib, ortalığa hansısa fakt qoymadan rahatlıqla istənilən məmurun olduğunu bildirir. Bu baxımdan Azərbaycanda ictimai rəyə yalan informasiyalar ötürmək üçün xüsusi sifariş yerinə yetirdikləri göz qabağındadır”. 
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, əslində, Mehman Hüseynov olayı elə də ciddi məsələ deyil: “Bir Azərbaycan vətəndaşı özünün düzgün hesab etdiyi hansısa məsələlər barəsində video çəkilişlərini paylayır. Azərbaycan qanunları hər bir vətəndaşa qanun çərçivəsində hərəkət etmək üçün böyük hüquqlar verir. Eyni zamanda hər bir vətəndaşın hərəkəti digər vətəndaşların hüquqlarının tapdalanması şəraitinə gətirib çıxartmamalıdır. Azərbaycan hər bir vətəndaşının demokratik, hüquqi dövlətdə yaşaması üçün həm praktiki şərait yaradıb, eyni zamanda da cəmiyyətdə qanunçuluğun qorunması üçün müvafiq addımlar atır”. 
Mübariz BAYRAMOV