Şərabçılıqla bağlı mühüm yeniliklər

14 Yanvar 2017 09:30 (UTC+04:00)

Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına dair baş tutan iclasında Prezident bildirib ki,  Azərbaycanda il ərzində 20 milyon butulka şərab istehsal olunur: «İxrac isə çox azdır. Bizim sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər. Ona görə, Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılıb. Biz bir neçə beynəlxalq sərgidə iştirak etmişik, kontraktlar bağlanıbdır. Dost, tərəfdaş ölkələrlə biz birbaşa bu danışıqları aparırıq ki, onlar öz bazarlarında bizim şərabımız üçün kvota ayırsınlar, biz öz şərabımızı ixrac edə bilək. Sahibkarlar da burada daha da fəal olmalıdırlar, onların marağındadır. Amma bizdə şərabçılıqla bağlı olan bu vəziyyət ciddi təhlil edilməlidir, həm iqtisadi qurumlar, həm Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən. Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır. Bu, böyük gəlir gətirə biləcək bir sahədir». 

Bu iradlar fonunda gözləmək olarmı ki, Azərbaycanın həm şərab ixracı artsın, həm də bu sahə ölkəyə daha çox gəlir gətirsin? 
İqtisadçı-ekspert Cümşüd Nuriyev bildirdi ki, Azərbaycan şərab istehsalını artırmaq və bu yolla da ölkəyə daha çox gəlir gətirmək üçün həm potensiala, həm də gücə malikdir: “Təbii, Azərbaycan şərab  istehsalına görə, müstəqillikdən öncə  keçmiş sovetlər dönəmində ön yerlərdən birini tuturdu. İttifaqda əsasən Gürcüstan, Azərbaycan və Moldova şərabçılıqla məşğul olurdu. Azərbaycan müsəlman ölkəsi olduğundan burada şəraba meyl azdır, ona görə də istehsal daha çox ixracyönümlüdür. Cənab Prezident haqlı olaraq şərabçılıq məsələsinə toxunub. Çünki hazırda Azərbaycanda keyfiyyətli şərab istehsal edə bilirlər. İndilikdə Rusiya və digər bazarlarda “Azqranata” və “Qəbələ”, “Bakı Şərab-1” şərabları öz keyfiyyətlərilə seçildiyindən yüksək səviyyədə qəbul olunur.  Rusiyada da bilirsiniz ki, əsasən araq tələb olunur. Bu mənada Azərbaycanda buraxılan araqlar da keyfiyyətli olması ilə seçilir. 
Azərbaycanın şərabçılığı daha da inkişaf etdirməyə həm potensialı, həm də gücü vardır. 20 milyon butulka təbii ki, çox azdır. Onu da nəzərə alaq ki, Azərbaycan artıq butulka istehsalını da həyata keçirir. Azərbaycanda üzümçülük də ciddi inkişaf etməyib. Onun da inkişafına diqqət yetirmək lazımdır. Qorbaçovun dövründə alkoqollu içkilərlə mübarizə adı altında üzümçülük demək olar ki, məhv edildi. İndi ölkəmizdə üzümçülük bərpa olunur. Bunun üçün də Mingəçevir və Şamaxıda çoxlu işlər görülür. Amma bu işlər daha da artırılmalıdır. Prezident onu da haqlı olaraq qeyd etdi ki, ölkədə uçota alınmayan alkoqollu içkilər daha çoxdur. Çünki uçota alınanda aksiz markası almalıdırlar ki, bu da əlavə vergiyə cəlb olunmaq deməkdir.  Sadəcə olaraq, şərab istehsalçılarına İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin  qayğısını artırmaq da lazımdır”.
Rüfət NADİROĞLU