Avropa şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna marağı artır

19 Yanvar 2017 07:00 (UTC+04:00)

Çex şirkətləri Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlıdır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyilib. Ümumiyyətlə, son dövrlərdə Avropa ölkələrindən olan şirkətlər Azərbaycanın qeyri-neft sektoruna da sərmayə qoyuluşuna gedərək daha çox maraq göstərir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Azərbaycanın qeyri-neft sektoruna investisiya tələbinin artması Avropa şirkətlərini ölkəmizdə bu sahəyə investisiya yatırtmağa həvəsləndirib:  “Azərbaycanda hazırda qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi prioritetdir. Çünki postneft dövrünün çağırışlarına uyğun olaraq qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının artırılması birbaşa bu sahəyə cəlb ediləcək investisiyanın həcmindən asılıdır. Nəticə etibarı ilə bu addım imkan verəcək ki, qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaq mümkün olsun, bu sahədə iş yerlərinin yaradılmasına hesablanmış sahibkarlıq fəaliyyətləri həyata keçirilsin. O baxımdan yeni  çağırışlara uyğun olaraq ölkəmiz üçün də prioritetlər dəyişib. Xüsusən də Avropa, bu xüsusda da əsasən Avropa İttifaqına daxil olan ölkələrlə əməkdaşlıq mühüm yer tutur. 

Azərbaycan özü də qeyri-neft sektoruna investisiyanın cəlb edilməsi üçün 2015-ci ildən başlayaraq bir sıra fəaliyyətlər həyata keçirməkdədir. Bu fəaliyyətlər sırasında biznes mühitinin yaxşılaşdırılmasına hesablanan addımlar, yeni iqtisadi model olan Strateji Yol Xəritəsinin hazırlanması və təsdiqi, elektronlaşmanın genişləndirilməsi xarici investisiyanın cəlb edilməsi baxımından vacib islahatlar kimi qiymətləndirilir. Ümumiyyətlə postneft dövründə keçmiş sovet respublikaları üçün biznes mühitinin yaxşılaşdırılması vacibdir. Azərbaycan biznes mühitini təkmilləşdirdikcə, daha çox investisiya cəlb edə biləcək. İnvestisiyanın cəlbi də nəticə etibarı ilə qeyri-neft sektoru və ümumi mənada iqtisadiyyatın inkişafına stimul yaradacaq. Ona görə də Avropa ölkələrilə belə əməkdaşlıqlar vacibdir. Çexiya daxil olmaqla, Avropa Birliyinə üzv olan digər ölkələrlə əməkdaşlığın güclənməsi Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyuluşunun artımına və bu da öz növbəsində iqtisadiyyatın inkişafına səbəb ola bilər. Azərbaycanın qeyri-neft sektorunda əvvəlki dövrlərdə daxili investisiyanın payı daha çox idi. İndi isə Azərbaycanın qeyri-neft sektoruna investisiya tələbi yüksəlməkdədir. Bu da Avropa şirkətlərini ölkəmizin sözügedən sahəsinə vəsait yatırtmağa ruhlandırır.
 İqtisadiyyatımızın liberallaşması və elektronlaşması da xarici investorların ölkəmizin qeyri-neft sektoruna marağını artırıb. Amma onu da etiraf edək ki, hələlik qeyri-neft sektoruna istədiyimiz investisiyanı cəlb edə bilməmişik. Bu mənada həmin investisiyanın artırılması olduqca vacibdir. Hazırda qeyri-neft sektoruna xüsusən də xarici investisiyanın cəlb edilməsi daha prioritet məsələ kimi gündəmə çıxıb”. 
İqtisadçı-ekspert Cümşüd Nuriyev də qeyd etdi ki, Avropa şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoymağa başlaması həmin sahədə xarici investisiyanın çəkisinin artmasına və bu fonda da sektorun daha sürətlə inkişafına gətirib çıxaracaq: “Azərbaycan son zamanlar qeyri-neft sektoru ilə bağlı çoxsaylı layihələr qəbul edib. Strateji Yol Xəritəsinin əsas prioritetlərindən biri də məhz bu sahənin inkişafına nail olmaqdan ibarətdir. 
Çexiya şirkətlərinin Azərbaycana maraq göstərməsinə gəldikdə qeyd edək ki, bu ölkə də sovet düşərgəsindən  çıxan dövlətlərdəndir. Özü də  Çexiya Avropa Birliyinə və iqtisadiyyatına  sürətlə inteqrasiya etdi. Texnoloji cəhətdən də hələ sovet düşərgəsinin təsiri altında olanda da Avropanın sosialist ölkələri sovet rejimindən bir addım qabaqda idi. Son 25 il ərzində isə Çexiya və digər Şərqi Avropa ölkələri xeyli dərəcədə inkişaf edib. Ona görə də Çexiyanın Azərbaycana marağı artıb. İkinci bir tərəfdən Avropa şirkətləri üçün  hazırda yeni bazarların olması maraqlıdır və bu mənada onlar üçün Azərbaycan cəlbedici yeni bazar sayılır. Çexiyalı nazirlə birlikdə hazırda 30-a yaxın sahibkar da Bakıdadır. 
Qeyd edək ki, Avropada aqrar sektorun sənayeləşdirilməsi daha yüksək səviyyədədir. Azərbaycanda da bu sahənin inkişaf etdirilməsi üçün imkanlar var.  Ölkəmizdə geniş əkin sahələri, çoxsaylı işçi qüvvəsi olsa da, Azərbaycan hələlik özünü ərzaqla tam  həcmdə təmin edə bilmir. Azərbaycanda geni modifikasiya olunmuş məhsulların az olması, həm də burada torpaqların kimyəvi gübrələrlə həddən artıq dərəcədə zəhərlənməməsi amilləri də Avropa şirkətlərini ölkəmizin qeyri-neft sektoruna investisiya yatırtmağa meylləndirir. Yəni ölkəmizdə ekoloji cəhətdən təmiz orqanik məhsullar yetişdirmək mümkündür ki, həmin məhsullar da Avropa bazarlarında baha qiymətədir. Nəticədə Avropa şirkətlərinin özləri gəlir götürəcək, başlıcası isə Azərbaycan qazanacaq. Çexiya da daxil, Avropa şirkətlərinin ölkəmizə gəlişi bütün hallarda iqtisadiyyatımız üçün müsbət effekt verəcək”.
Rüfət NADİROĞLU