TQDK-dan məktəb direktorlarına xəbərdarlıq!!

24 Aprel 2012 15:17 (UTC+04:00)

Azərbaycanda 2011-2012-ci tədris ili üçün ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkə prezidentinin aprelin 19-da verdiyi fərmanla mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib. TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları yalnız iki fənn - ana dili və riyaziyyat fənləri üzrə keçiriləcək.

İmtahan 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər.

Buraxılış imtahanlarının keçirilmə qaydaları, imtahanda istifadə olunacaq testlərə dair nümunələr və digər zəruri məlumatlar may ayının ortalarınadək "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc ediləcək.

M. Abbaszadə orta məktəblərə buraxılış imtahanlarının yalnız iki fənn – ana dili və riyaziyyat üzrə keçirilməsini də şagirdlərin xeyrinə atılmış addım kimi qiymətləndirib. Qurum rəhbəri imtahan suallarının asan olacağını deyib. O, qeyd edib ki, indiyədək şagirdlərin buraxılış imtahanlarına yardımçı vasitələr keçirməsi mümkün olub. Lakin bundan sonra buraxılış imtahanlarına əlavə vəsaitlər buraxılmayacaq. "Bununla da attestat ala bilən və bilməyən şagirdlərin real səviyyəsi düzgün qiymətləndiriləcək".

Onun sözlərinə görə, gələn il həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanları ilə bağlı müvafiq dəyişikliklər aparılacaq.

Məleykə Abbaszadə qeyd edib ki, bu dəyişikliklərin konkret nədən ibarət olduğu hələlik müəyyən deyil.

TQDK sədri valideynlərə də müraciət edib. O bildirib ki, əgər indiyə qədər nə isə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar baş verməyəcək. Belə hallar törətmək istəyənlərə qarşı isə çox ciddi tədbirlər görüləcək.

M. Abbaszadənin sözlərinə görə, indiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və korrupsiyada hallandırılsa da, artıq buna son veriləcək: "Bütün direktorlar və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək".

Məleykə Abbaszadə bildirib ki, attestatlardakı qiymətlərin qəbul imtahanın nəticələri ilə üst-üstə düşməməsi problemi aradan qaldırılacaq.

O qeyd edib ki, bu il ali məktəblərə buraxılış imtahanlarının çox şəffaf keçiriləcək və şagirdlərin bilik səviyyəsi dəqiq məlum olacaq.

Komitə sədri buraxılış imtahanlarına müdaxilə etmək istəyən məktəb direktorlarına də xəbərdarlıq edib.

"Əgər indiyə qədər hər hansı müdaxilələr baş veribsə, bundan sonra belə hallara yol verənlərə qarşı isə ciddi tədbirlər görüləcək. Bütün direktorlar və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Buna yol verən olarsa qanun qarşısında cavab verəcək".

O bildirib ki, gələcəkdə Azərbaycanda vahid milli test modeli tətbiq edilə bilər. O vurğulayıb ki, bu məsələ builki buraxılış imtahanlarının nəticələrindən sonra müzakirə oluna bilər.

M.Abbaszadə bu il TQDK-nın yaranmasının 20 illik yubileyinin qeyd olunacağı ilə bağlı da məlumat verdi.

"Oktyabr ayında TQDK-nın fəaliyyətinin 20 illiyi tamam olur. Bu münasibətlə beynəlxalq elmi-praktik konfrans keçiriləcək".

M.Abbaszadə qeyd edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının indiyə kimi dərsliklərin monitorinqi ilə bağlı işin bir hissəsini görüb.

O qeyd edib ki, prezidentin məlum fərmanından sonra isə orta məktəb dərsliklərinin monitorinqi ilə əlaqədar TQDK-da müvafiq şöbə yaradılacaq və sentyabr ayından bütün dərsliklərin monitorinqi aparılacaq.

M.Abbaszadə monitorinqin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini də bildirib.

"Dərsliklərdə olan səhvlər qəbul imtahanlarının məzmununa təsir göstərirdi. İmtahan suallarını formalaşdırdıqda bu səhvlərlə üz-üzə gəlirdik.

Ona görə də biz əvvəlcədən abituriyentlərə elan edirdik ki, əvvəlcədən imtahanlara hazırlaşanda düzgün məlumatlardan istifadə etsinlər. Ancaq bundan sonra aparılacaq monitorinq problemin müsbət istiqamətdə dəyişməsinə xidmət edəcək".

M.Abbaszadə dərsliklərin monitorinqini yalnız qəbul aparılan imtahan fənləri üzrə deyil, orta məktəblərdə istifadə olunan bütün dərsliklər və müəllimlər üçün nəzərdə tutulan vəsaitlər üzrə də aparılacağını deyib.

"Bu il dərsliklərin monitorinqini onlar yalnız işıq üzü gördükdən sonra aparılacaq. Ancaq sonrakı illərdə dərs vəsaitlərinin layihələri təqdim olunduqdan sonra monitorinq keçiriləcək. Səhv olan dərsliklərin müəllifləri TQDK-nın seminarlarına dəvət olunacaq və pedaqoji heyətin suallarına cavab verməli olacaqlar. Ola bilsin ki, onlar öz səhvini əsaslandıra bilsinlər".