“Oğlumu səhv salıblar” - Kökcünün atası

1 Fevral 2017 13:11 (UTC+04:00)

Movqe.az Azərbaycan U-21 futbol millisinin üzvü Özancan Kökcünün atası Halis Kökcünün Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Oğlunuzun millimizdən imtina etməsi düzdür?

- Xeyr, bu xəbər doğru deyil. O, Azərbaycan millisində oynamaqdan qürur duyur. Hollandiya mətbuatı yanlışlığa yol verib. Çünki kiçik oğlum Onur Hollandiya U-17 millisində çıxış edir. Bu səbəbdən də onları qarışdırıblar.

- Böyük oğlunuz Azərbaycan yığmasını seçdiyi halda kiçik oğlunuz niyə Hollandiya millisində oynayır?

- Çünki kiçik oğlum üçün Azərbaycandan təklif gəlmədi. Özancan üçün təklif gəldi və qəbul etdik.

- Gəlsəydi, o da yığmamızı seçə bilərdi?

- Əlbəttə, o da qəbul edərdi. Onun yaşı azdır və tanınmır. Tanıyanda ona da təklif göndərəcəklər. Söhbət vətən, millət, qan olandan sonra bir söz deyilə bilməz. Milli komanda ürəkdən gələn duyğudur.

- Sizi Azərbaycana nə bağlayır?

- Bizim atalarımız Azərbaycandan gəlmədir. Əslimiz, kökümüz azərbaycanlıdır. Türk və ya azərbaycanlı fərq etməz.

- Hollandiyaya nə zaman köçmüsünüz və Azərbaycanda nə qədər yaşamısınız?

- 1995-ci ildə Hollandiyaya köçmüşük. Azərbaycanda yaşamamışıq. Ordan köçmüşük. 

- Fatih Terimin də Özancan üçün təklif göndərdiyi bildirilib...

- Özancan Türkiyə U-16 millisində oynayıb. O zaman Hollandiya milli komandasından imtina etmişdi. Fatih Terim də oğlumu istədi. Fransada keçirilən Avropa çempionatına aparmaq üçün Terim bir gənc oyunçu seçməli idi. Emre Mor və Özancan Kökcü arasında seçim edildi. Danimarkanın futbolunun səviyyəsi aşağı olduğu üçün Emre Mor oynadığı komandanın əsas heyətinə çıxarıldı. Ondan sonra Terim də onu milliyə dəvət edib Fransaya apardı. Bizə də deyildi ki, Özancan da dəvət olunacaq. Sonra oğlum Türkiyə millisinin təlim-məşq toplanışına getdi. Orda ona edilən ayrı-seçkilikdən narahat olub qayıtdı. Sonra da Azərbaycan yığmasını seçdi.

AFFA rəhbərliyi və ya baş məşqçi Robert Prosineçki ilə görüşmüsünüz?

- Yox. Onların köməkçiləri ilə görüşlərimiz olub.