Milli Məclisdə təklif: Azərbaycan İrəvan üzərində varislik hüququnu bərpa etməlidir

1 Fevral 2017 13:55 (UTC+04:00)

Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir.

Movqe.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Deputat bildirib ki, İrəvan da daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kv.km torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırmalıyıq.

Y.Mahmudov qeyd edib ki, 9 min kv.km torpaq ermənilərə müəyyən şərtlərlə verilmişdi: “Bu sənədləri xaricdən Tarix İnstitutuna gətirmişik. Şərtlərə əsasən, həmin torpaqlarda azərbaycanlıların yaşamağa davam etməsi təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağıl müvafiq addım atmalıyıq”.

Deputat Fəzail Ağamalı da həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, bu, çox ciddi bir məsələdir və Milli Məclis bu məsələni müzakirəyə çıxarıb müvafiq qərar qəbul etməlidir.