Ticarət evləri ilə xaricə daha çox Azərbaycan məhsulları satılacaq

2 Fevral 2017 08:00 (UTC+04:00)

Prezident İlham Əliyevin qərarı ilə bir neçə ölkədə Azərbaycan ticarət evləri yaradılacaq. Bu istiqamətdə işlər gedir. Bu, həm təbliğat üçün önəmlidir, eyni zamanda, ixrac imkanlarımız da genişlənə bilər. Yaxın zamanlarda belə ticarət evlərinin açılması nəzərdə tutulur. İlk olaraq da bu, Rusiyada yaradılacaq. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, ticarət evlərinin yaradılmasında əsas məqsəd Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasına nail olmaqdan ibarətdir: “Ticarət evlərinin yaradılmasında əsas məqsəd Azərbaycan ixracatının artırılmasına nail olmaqdan ibarətdir. Burada söhbət təbii ki, qeyri-neft sektoru üzrə ixracatın artırılmasından gedir. Nəzərə alaq ki, indiki məqamda qeyri-neft sektoru üzrə ixracatın artırılması olduqca vacibdir, ticarət evlərinin yaradılması da bu mənada mühüm addım olardı. Onların yaradılması bir sıra üstünlüklər gətirəcək. 
Ticarət evlərinin yaradılması imkan verəcək ki, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlar xarici ölkələrin bazarlarına çıxış imkanlarını artırmağa nail olsunlar.  Bu, həm bazarlarla bağlı məlumatların əldə edilməsi, yerli ixracatçılarla  Azərbaycan ixracatçılarının informasiya bölüşdürmələrinə imkan vercək. Nəticədə bu, qeyri-neft sektorunda istehsal edilən məhsulların həcminin artımına gətirib çıxaracaq. Ticarət evlərinin formalaşması həm də imkan verəcək ki, Azərbaycan iş adamları xarici ölkələrdə tərəfdaş tapa bilsinlər. Çünki ticarət evləri həm də Azərbaycanla fəaliyyət göstərdiyi ölkələr arasında biznes, iqtisadi əlaqlərin genişləndirilməsinə xidmət edir. Həmçinin birgə layihələrin tapılması və yeni müqavilələrin imzalanması baxımından da bu addımın mühüm əhəmiyyəti vardır. 
Ticarət evləri Azərbaycanın iqtisadi potensialının təqdim edilməsi baxımından da vacib sayıla bilər. Bu, imkan verəcək ki, xaricdən investisiya cəlb etmək mümkün olsun və bu investisiya ölkəmizin qeyri-neft sektoruna yönəldilsin. Bu da Azərbaycanın potensialının təqdim edilməsi anlamına gəlir. Ticarət evlərinin fəaliyyəti xaricdən sərmayə cəlb edilməsi mənasında da vacib sayıla bilər. 
Ticarət evləri beləliklə ölkəmizin ticarət potensialının artırılması, birgə əməkdaşlığın gücləndirilməsi, həm də ölkəyə xarici investisiyanın cəlbi baxımından müsbət təsirlərə malik olacaq bir addımdır. Düşünürəm  ki, ticarət evləri ilk öncə Avropa bazarlarında yaradılmalıdır. Avropa Birliyi böyük bazardır, 450 milyon istehlakçısı var. Həmçinin Çin və Yaxın Şərqin körfəz ölkələrində belə ticarət evlərinin yaradılması daha məqsədəuyğun olardı. Yəni hədəf olaraq bu üç məkan ilk növbədə əsas prioritet olaraq götürülməlidir. Çünki həmin məkanlarla ölkəmizin əməkdaşlıq və ixrac potensialı kifayət qədər genişdir”.
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov da qeyd etdi ki, ticarət evlərinin yaradılması ilə Azərbaycan məhsulları daha sürətlə xarici bazarlara çıxmaq imkanı əldə edəcək: “Xarici ölkələrdə ticarət evlərinin yaradılmasında birinci məqsəd Azərbaycanın ixrac təmayüllü məhsullarının xarici bazarlara çıxarılmasına şərait yaratmaqdan ibarətdir. Həmişə qeyd edirdik ki, sahibkar və istehsalçıların ayrı-ayrılıqda Qərb bazarlarına çıxması çətindir. Çünki həmin bazarlarda yerlər çoxdan tutulub, çoxdan çəpərlənib. Ona görə də dövlət səviyyəsində ixrac təmayüllü məhsulların ixrac edilməsinə şərait yaradılmalıdır ki, ticarət evləri də bu məqsədə xidmət edir. 
Azərbaycanın ticarət tərəfdaşlarını ölkəmizin potensialı, iqtisadiyyatımızın real imkanları ilə  tanış etmək lazımdır. Düzdür, son 10 ildə Azərbaycanın güclü təbliğatı aparılır. Lakin bu təbliğat daha çox siyasi xarakter daşıyır. İndi isə Azərbaycanın iqtisadi potensialının dünyada tanıdılmasına nail olmaq gərəkdir ki, ticarət evləri də bu məqsədə xidmət göstərir. Azərbaycan məhsullarının indilikdə Avropa bazarlarına çıxması kifayət qədər qəliz məsələdir. Burada çox yüksək standartlar tələb olunur. Ona görə də ilk öncə Rusiya, Türkiyə, İranda ticarət evləri yarada bilərik. Bu bazarlar ölkəmiz üçün indilikdə nisbətən rahatdır”.
Rüfət NADİROĞLU