Qeyri-neft sektoru iqtisadiyyatda ağırlıq mərkəzinə çevrilir

2 Fevral 2017 09:30 (UTC+04:00)

Regionların sosial-iqtisadi inkiaşfı ilə bağlı bu günlərdə keçirilmiş konfransda Prezident İlham Əliyevin nitqində Azərbaycan iqtisadiyyatının bugünkü panoramı bütün incəliyi ilə təhlil olunub. Ölkə başçısının qarşıya qoyduğu tapşırıqlardan aydın olur ki, qeyri-neft sektorunda məhsul istehsalının artırılması üçün əsaslı zəmin hazırlanıb. Görülmüş tədbirlər, həyata keçirilmiş siyasət sayəsində yaranmış potensial artıq daxili bazarlarla yanaşı, xarici bazarlara da çıxarılır.

Amma bu, hələ işin başlanğıcıdır. Bundan sonra fəaliyyəti daha geniş miqyasda artırmaq üçün imkanlar kifayət qədərdir. 
Regionların inkişafı üzrə əvvəllər həyata keçirilmiş Dövlət Proqramları nəticəsində ölkədə meliorasiya qurğularının geniş şəbəkəsi yaradılıb. Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarlarının tikilib istifadəyə verilməsi on minlərlə hektar yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsinə imkan verib. Misal üçün deyək ki, görülmüş tədbirlər hesabına təkcə bu il əkin sahələrini 160 min  hektar artırmaq mümkün olacaq. Eyni zamanda, əvvəldən dövriyyədə olan sahələrin suvarma sistemlərinin yenilənməsinə və yaxşılaşdırılmasına imkan yaranıb. Kənd təsərrüfatının inkişafı üçün bu tədbirlərin rolu əvəzsizdir. Çünki, meliorativ tədbirlər məhsulun vaxtında yetişməsinə təsir etməklə yanaşı məhsuldarlığın artırılmasında da böyük əhəmiyyətə malikdir. Üstəlik, yeni istifadəyə verilmiş xam torpaqlarda ümumiyyətlə ilk illərin məhsuldarlığı yüksək olur. Bu baxımdan 2017-ci ildə məhsuldarlığın yeni hüdudlara yüksəldilməsi gözlənilir. Bu isə iqtisadiyyatda yüksək gəlir gətirən ixrac məsələlərinin həllində böyük irəliləyiş olacağını şərtləndirir. 
Qeyri-neft sektoruna dövlət qayğısının daha bir önəmli cəhəti bir neçə il ərzində formalaşdırılan güzəştli kredit siyasətində əsas məqsədə-kreditlərin dövri müntəzəmliyinə nail olunmasıdır. Belə ki, hər il dövlət bu iş üçün məqsədli şəkildə 200-250 milyon manat vəsait ayırıb. Ümumiyyətlə, son 12 ildə qeyri-neft sektorunda çalışan sahibkarlara 2 milyard manat məbləğində güzəştli kredit verilib. Bu, çox böyük rəqəmdir. Lakin buna baxmayaraq,  dövlət yardımı əsirgəməyib. İndi verilmiş həmin məbləğin faizləri geri qayıtmağa başlayıb. Bu da çöx dəyərli faktdir. Birincisi, ona görə ki, xərclənmiş vəsait geri qayıdırsa, bu o deməkdir ki, sahibkar işdə uğur qazanır, gəlir götürür ki, faizləri qaytara bilir. İkinci əsas məsələ də odur ki, artıq bu işləri həyata keçirən Sahibkarlığa Kömək Milli Fonduna dövlət tərəfindən vəsait ayrılmasına ehtiyac qalmayıb. Yəni, Fond geri qayıdan faizlər hesabına öz maliyyə mənbəyini formalaşdırıb və demək olar ki, qoyulmuş investiya özünü doğruldub. Sahibkarlar yenə güzəştli faizlərdən istifadə etmək imkanına malikdirlər. Bu isə məhsuldarlığın yüksək olmasına tam ümid yaradır.
Prezidentin qarşıya qoyduğu tapşırıqlardan biri də ölkədə istehsal olunan məhsulların yerli komponentlər hesabına başa gəlməsini təmin etməkdir. Bu isə yalnız məhsuldarlığın artırılması hesabına baş verə bilər. 2017-ci təsərrüfat ilinin mahiyyətində bu məsələ başlıca meyardır. Əgər məhsuldarlıq artırsa, yerli tələbatın ödənilməsi yəmin edilir, məhsul ixracı üçün şərait yaranır. Bununla da qeyri-neft sektoru iqtisadiyyatda ağırlıq mərkəzinə çevrilir. Lap yaxın gələcəkdə biz bu prosesə də şahidlik edəcəyik.

N.NOVRUZ