Qarlı, şaxtalı hava davam edəcək

2 Fevral 2017 12:26 (UTC+04:00)

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 4-6° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.