Vaqif Aydınoğludan ATV-dən getməsi xəbərinə münasibət

2 Fevral 2017 15:29 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, aparıcı Turan İbrahimova ATV-də yeni vəzifə verilib. Movqe.az-ın  məlumatına görə, kanalda ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamenti yaradılıb. "Azad Azərbaycan" telekanalının rəhbəri Vüqar Qaradağlının əmri ilə kanalın informasiya siyasətinə T.İbrahimov nəzarət edəcək. 

Bu isə bir çox yerlərdə səlahiyyəti əlindən alınan Vaqif Aydınoğlunun ATV-dən getməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.

V.Aydınoğlu məsələ ilə bağlı açıqlama verərək, işindən ayrılmadığını bildirib:

"Əziz dostlarım və çox hörmətli jurnalist həmkarlarım, dünəndən bəri mənə ünvanladığınız çoxsaylı suallarınıza qısaca açıqlama vermək məcburiyyətində qaldım. Mən öz işimin başındayam. İndiyədək olduğu kimi hazırda da ATV-nin "İçtimai-siyasi verilişlər" departamentinin rəhbəri, "Xəbərlər" xidmətinin baş redaktoru və "HəftəSonu" analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm.

Sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm. Bu iş kanalımızda yeni yaradılan "İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamentinə təyin olunan rəhbər Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm, bundan sonra ATV ilə bağlı suallarınızı mənə yox, Turan bəyə ünvanlayasınız".