Məzahir Əfəndiyev: Azərbaycan BMT-də gənclər siyasəti üzrə ilk onluğa düşüb

2 Fevral 2017 17:33 (UTC+04:00)

 Xəbər verdiyimiz kimi, yanvarın 30-31-də  ABŞ-ın Nyu-York şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumu keçirilib. Baş mövzusu “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu”  olan beynəlxalq tədbirdə Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə iştirak edən, eyni zamanda çıxış edən BMT İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev bu tədbiridn dünya gənclərinin inkişafı və gələcək perespektivlərinin müəyyənləşdirilməsində əhəmiyyətini qeyd edib: “Bu günədək gənclərin BMT-nin rəsmi proseslərində iştirakı üçün ən mütəşəkkil istiqamət təşkil edən bu Forum böyü əhəmiyyəti ilə seçildi. Forum dünyanın müxtəlif ölkələrini təmsil edən gənc liderlərin öz aralarında və üzv dövlətlərlə dialoqu üçün platforma təmin edəcək və Dayanıqlı İnkişaf Gündəliyinin əsasını təşkil edən“birgə rifah”konsepsiyasına dair fikir mübadiləsi aparmaq imkanı yaradacaq. Əhəmiyyətli cəhət həm də ondan ibarətdir ki, sözügedən tədbir 2030-cu il Gündəliyinin həyata keçirilməsinə töhfə verməklə beynəlxalq gənclərin birlik hissini möhkəmləndirərək onlara dünyanın oxşar fikirləri paylaşan insanlarla dialoq yaratmaq imkanı verəcək. Buna görə də, BMT-nin İqtisadi və Sosial Şurasının (UN ECOSOC) Gənclər Forumu 2030 Gündəliyinin icrası vasitəsilə qloballaşmadan hamının faydalanma yollarını müzakirə etmək baxımından əhəmiyyətli platformadır.

M. Əfəndiyev xüsusilə qeyd etdi ki, Azərbaycan BMT Gənclər Siyasəti çərçivəsində ölkəmizdə görülən işləri model formatında təqdim etmişdi. Bu baxımdan,  ilk dəfə olaraq Azərbaycan  BMT-də gənclər siyasətinə dair ən yaxşı model sıralamasında ilk onluğa düşmüşdür. Bu bizim dövlətimizin son onillikdə gənclərlə işin təşkili baxımından böyük uğurudur. 2014-cü ildə Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun keçirilməsi və Bakı Komunikesinin qəbul olunması bu gün dünya gənclər siyasətinin formalaşmasında ən önəmli sənədlərdən biridir. Eyni zamanda BMT Gənclər siyasəti sahəsində dünyada fərqlənən insanların təltifini 5 istiqamətdə nəzərdə tutan döş nişanlarını və mükafatlar təsis etmişdir və əminik ki, Azərbaycan növbəti illərdə bu sahədə öz irəliləyişləri ilə bu uğurlara da layiq görüləcək.


.