Qarabağ münaqişəsinin həllində yeni təşəbbüs

3 Fevral 2017 09:15 (UTC+04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qarabağ probleminin nizama salınması üzrə yeni təşəbbüslər hazırlayacaq. Bunu Qazaxıstan parlamentinin deputatı Axan Bijanov deyib.

"Qazaxıstan Qarabağ münaqişəsinin həllində öz vasitəçilik fəaliyyətini gücləndirmək niyyətindədir. Bu problemin mövcudluğu Astananı narahat edir və onun həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərdə diplomatik sahəsini daraldır.
Azərbaycan-bizim qardaş ölkəmizdir, Ermənistanla isə biz inteqrasiya layihələri çərçivəsində partnyoruq. Buna görə də Qazaxıstan Qarabağ probleminin həllində kömək etməyə çalışacaq",-deyə A.Bijanov vurğulayıb. Qazaxıstanın Qarabağ məsələsində fəallığıının artması Qarabağ münaqişəsinin həllində hansısa dəyişikliyiə gətirib çıxara bilərmi? 
Politoloq Mais Gülaliyev Nazarbayevin təşəbbüsünü alqışlasa da, Qarabağ probleminin həlli prosesinin dalana dirəndiyini bildirdi: “Hələ Qarabağ probleminin yarandığı ilk illərdə Nazarbayev Azərbaycana xoş niyyətlə yanaşmış, dövlətimizin haqq işinə həmişə dəstək olmuşdu. Onun Qarabağla bağlı fikirlərini dəfələrlə oxumuşam. Hamısında da Qarabağa Azərbaycanın tərkib hissəsi kimi yanaşıb, ölkəmizin ərazi bütövlüyünü müdafiə edib. Bütün hallarda Azərbaycana yaxın dost olan siyasi xadim kimi çıxış edib. Sonrakı dövrlərdə də Nazarbayevin Qarabağla bağlı fikirlərində ciddi dəyişiklik olmadı. Nazarbayev  dəfələrlə nə qədər mümkündürsə, tərəfləri sülh danışıqlarına dəvət edib. Demokratik və müasir düşüncələrə malik, habelə regionun təhlükəsizliyinə özünəməxsus rakusdan yanaşan bir dövlət başçısı kimi Nazarbayev başa düşür ki, problemin həll olunması yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən keçir. Başqa yol yoxdur. Çünki başqa yol müharibə və regiona digər güclərin cəlb olunması və buradakı ölkələrin təhdidlərlə üzləşməsindən ibarətdir. Ona görə də indiki halda Nazarbayevin tərəflər arasında əlaqə yarada biləcək bir qüvvə kimi çıxış etməsi müsbət haldır. Ümid edirəm ki, bütün hallarda o, Azərbaycanın haqq işini müdafiə edən mövqedən çıxış edəcək. Ancaq bu təşəbbüslərlə problemi yaxın zamanlarda nə dərəcədə həll edə biləcəyini söyləmək bir qədər çətindir. Çünki Qarabağ probleminin həlli kifayət qədər çətin dalana dirənib. Ona görə də bütün hallarda problemin yaxın zamanlarda həll olunması bir qədər çətin məsələdir. Burada beynəlxalq güclərin marağı var. Habelə öz siyasi və iqtisadi marağının təmin edilməsi üçün vəziyyətdən istifadə edən qüvvələr də vardır. Ona görə də Nazarbayevin təşəbbüsü yaxşı qarşılansa da, onun real nəticə verəcəyi bir qədər çətin məsələdir. Buna baxmayaraq, onun bu təşəbbüslə çıxış etməsini alqışlayırıq. Onun bu fikirləri bütün hallarda Azərbaycanın haqq səsinin tanıdılmasına yönəlik bir bəyanatdır”.
 AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Qazaxıstanın təşəbbüsünü alqışlasa da, bütün hallarda prosesdə həlledici söz sahibinin Moskva olduğunu vurğuladı: “Qazaxıstan hər dəfə Qarabağ probleminin həllində Azərbaycana mənəvi dəstək verib. Prosesin kardinal dəyişikliyə gətirib çıxarılmasına onların gücü çatmasa da, Qarabağ problemilə bağlı Qazaxıstanın bəyanatları, bu əsasda da Azərbaycanın haqq səsini dəstədiklərini həmişə görmüşük. 
Bildiyiniz kimi, Qarabağ probleminin həllində aparıcı mövqeyə malik olan dövlətlərdən biri Minsk qrupunun həmsədrlərindən olan Rusiyadır. Problemin birbaşa həlli əslində, Rusiyadan asılıdır. Bununla belə, düşünürəm ki, Qazaxıstan bu kimi məsələlərə münasibətdə MDB çərçivəsində ən sanballı və xüsusi söz sahibi olan bir dövlətdir. Rusiya da müəyyən məqamlarda Qazaxıstanın bu və ya digər fikirlərilə razılaşır. Fikrimcə, 
gələcək dönəmdə Nazarbayevin Rusiya ilə hər hansı bir müzakirə aparıb təkliflərini qəbul etdirmək iqtidarında olacaqsa, onlar problemin həllinə müəyyən töhvələr verə bilərlər. Amma bütün hallarda bu bir qədər çətin məsələdir. 
Nazarbayev tərəfindən hər hansı plan hazırlanacaqsa və o, həll prosesinə nəticə etibarı ilə yenilik gətirməsə belə,  atılan addımın özü kifayət qədər ciddi addım olacaq. Ümid edirəm ki, hazırlanacaq bu təkliflərdə də Azərbaycanın ədalətli mövqeyi ortada olacaq. Təkliflərin reallaşıb-reallaşmayacağı isə məsələnin ikinci tərəfidir. Əslində, niyyətin özü çox yaxşı niyyətdir. Lakin bütün hallarda prosesin müsbətə doğru istiqamətlənməsi birbaşa Moskvadan asılıdır”
Rüfət NADİROĞLU