Bələdiyyələr özlərini yenə arxa plana atırlar

3 Fevral 2017 09:30 (UTC+04:00)

Bir neçə gündür davam edən qarlı hava paytaxtda nəqliyyatın, eləcə də piyadalrın hərəkətində problemlər yaratdı.  Hərəkətin bərpa edilməsi üçün bəzi mərkəzi küçələrə qum və duz tökülsə də, şəhərətrafı yollarda problemlər qalır. Diqqəti çəkən məqam isə o oldu ki, bələdiyyələr ərazilərdə yollarım qar və buzdan təmizlənməsində demək olar ki, hansısa ciddi iş görmədilər. Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah etməyə çalışırlar.

Bələdiyyə məsələləri üzrə mütəxəssis Rəcəb İmanov hesab edir ki, bu, iki səbəbə görə baş vermir: “Birincisi, bələdiyyələrin səlahiyyətlərində müstəsnalıq var. Müstəsnalıq o deməkdir ki, qeyd edilən xidmət növü bələdiyyələrə nə qadağan edilmir, nə də onların üzərinə öhdəlik kimi qoyulmayıb. Yəni, bu iş sırf bələdiyyələrə tapşırılmayıb. İkinci səbəb isə bələdiyyələrin maliyyə problemi ilə bağlıdır. Nəzərə alaq ki, şəhər təsərrüfatlarında müasir texnikalardan istifadə edilməlidir. Bu baxımdan hətta şəhər bələdiyyələri səviyyəsində belə öz ərazilərini əhatə edəbilcək texnikaların cəmləşdirilməsi, saxlanılması, istismarı üçün maliyyə imkanları yoxdur”.
Bələdiyyə məsələləri üzrə digər ekspert İlqar Hüseynli bildirdi ki, bələdiyyələrin səlahiyyəti yalnız məhəllədaxili yollarla kifayətlənir: “Mərkəzi magistral yolların təmizlənməsi, onun infrastrukturunun qaydaya salınması Bakı Şəhər İcra Hakimiyyəti və yerli rayon icra strukturlarının səlahiyyətində olan məsələdir. Bu gün bələdiyyələrin fəaliyyəti yalnız məhəllədaxili yolların təmiri, bərpası, təmizlənməsi ilə məhdudlaşır. 
Eyni zamanda, bələdiyyə və yerli icra orqanları arasında səlahiyyətlərin bölgüsü tam başa çatmayıb. O baxımdan bu kimi məsələlərrdə ortalığa mübahisəli məqamlar çıxır. Hələlik mərkəzi magistral yolların təmizlənməsi Bakı Şəhər İcra Hakimiyəti və yerli rayon icra strukturlarının səlahiyyətində olan məsələdir. 
Burada digər problem də var. Bələdiyyələrin yetərincə maliyyə imkanları yoxdur ki, mərkəzi magistral yolların qaydaya salınmasında öz töhfələrini verə bilsinlər. Hansı ki, bu amil də hər dəfə qabardılır. Ancaq bələdiyyələr heç məhələdaxili yollarda belə özlərinin üzərinə düşən vəzifələri yerinə yetirə bilmirlər. Ümumiyyətlə, bəzi məhələdaxili yollarda vəziyyət çox acınacaqlıdır. Heç bir təmir, yenidənqurma, təmizlik işləri həyata keçirmirlər. Bu məsələlərdə bələdiyyələrin varlığı gözə çarpmır”. Mübariz BAYRAMOV