Donald Tramp: “Rusiyaya qarşı heç nə yumşaldılmayıb”

3 Fevral 2017 15:47 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün hər hansı addım atmadığını bəyan edib.
Movqe.az-ın “apa-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evdən bildiriblər. “Mən heç nəyi yumşaltmamışam”, - deyə D. Tramp söyləyib.
 
Ağ Evin mətbuat katibi Şon Spayser isə sanksiyaların yumşaldılmadığını, sadəcə, onların şamil olunduğu sahənin dəqiqləşdirildiyini deyib: “Bu, Maliyyə Nazirliyinin fəaliyyətində adi haldır, onlar sanksiyaların tətbiqindən sonra spesifik məsələləri tez-tez dəqiqləşdirirlər”.   
 
Qeyd edək ki, Rusiya kütləvi informasiya vasitələri ABŞ-ın Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) qarşı sanksiyaları yumşaltdığı barədə xəbər yayıblar. Söhbət Rusiyaya informasiya texnologiyaları məhsullarının satışından gedir. Rusiyada bu məsələni FSB tənzimləyir. ABŞ Maliyyə Nazirliyi ölkə şirkətlərinin bu məhsulları Rusiyaya satmasında yarana biləcək problemə yol verməmək üçün məsələyə aydınlıq gətirib.  
 
Xatırladaq ki, ABŞ-dakı seçki dövründə Demokratlar Partiyasının serverlərinə haker hücumları ilə əlaqədar keçmiş prezident Barak Obama tərəfindən FSB-yə qarşı sanksiya tətbiq edilib.