Sabah Dubayda avtomobil sürülməyəcək

4 Fevral 2017 19:00 (UTC+04:00)

Dubay hökuməti fevralın 5-ni avtomobilsiz gün elan edib.

"Khaleej Times" xəbər verir ki, bir gün ərzində avtomobildən imtina edən hər bir sürücü xeyriyyəçilik üçün vəsait ayrılmasına səbəbkar olacaq.

Dubay bələdiyyəsi zərərli tullantıların atmosferə yayılması və ətraf mühitin çirkləndirilməsinin azaldılması məqsədilə sakinləri bir gün avtomobilsiz hərəkət etməyə çağırıb. Eyni zamanda, aksiyaya qoşulan sürücülərin sayından asılı olaraq, bələdiyyə xeyriyyə işlərinə və ağac əkininə müəyyən məbləğdə vəsait ayıracaq. Hələlik məbləğin nə qədər olacağı açıqlanmır.

Bu təşəbbüs ilk növbədə dövlət qurumlarının əməkdaşlarına aiddir. Belə ki, sabah bələdiyyə və kampaniyada iştirak edən digər təşkilatların avtomobil parkı bağlı olacaq.