Rumıniyada korrupsiya cinayətlərinin amnistiya aktı ləğv ediləcək

5 Fevral 2017 10:30 (UTC+04:00)

Sabah Nazirlər Kabinetinin növbədənkənar iclası keçiriləcək. Amnistiya aktı və Cinayət qanunvericiliyinə dəyişiklikləri haqqında hökümətin qəbul etdiyi qərar ləğv olunacaq. Hökumət evində bu açıqlama ilə ölkənin Baş naziri Sorin Qrindyanu çıxış edib. TVR1 televiziyası ilə canlı yayımlanan çıxışında Baş nazir bildirib: “Bu günlərdə mən bir neçə qərar qəbul etmişəm. Ilk növbədə sabah biz hökumətin təcili iclasını keçirib qəbul etdiyimiz qərarı ləğv edəcəyik ki, qüvvəyə minbməsi. Bəli, mən “ləğv etmə” terminini işlədirəm. Mən Rumıniyanı bölmək istəmirəm. Rumıniya iki yerə bölünməməlidir”.

Qeyd edək ki, bu gün də daxil olmaqla artıq 5-ci gündür ki, 13/2017 saylı qərarla razı olmayan Rumıniya vətəndaşları etiraz mintinqi keçirirlər. Paytaxt Buxarestin Hökumət evinin qarşısında 130 min, digər şəhərlərdə - Kluj, Timişoara, Sibiu, Braşov, Krayova, Konstança, İaşida isə 170 mindən çox insan etiraz aksiyasına toplaşıb.

Sabah isə paytaxt Buxarestdə Hökumət evinin qarşısında daha böyük və kütləvi mitinqin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, vətəndaşların etirazına səbəb yeni hökumətin yanvarın 31-də Amnistiya aktı və cinayət qanunvericiliyinə (Cinayət Məcəlləsi və Cinayət-Posessual Məcəllə) dəyişikliklərə dair 13/2017 saylı qərarı qəbul etməsidir. Onların fikrincə, bu dəyişikliklər nəticəsində rüşvət və korrupsiya maddələrilə tutulan siyasətçilər azadlığa çıxacaq. Amnistiya aktı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslərə, hamilə qadınlara, himayəsində azyaşlı uşağı olan qadınlara şamil olunacaq. Bununla yanaşı şərti azadlıqdan məhrum edilmiş şəxslərin üzərindən məhkumluğun da götürülməsi nəzərdə tutulur. Digər qanun layihəsinə əsasən isə dövlət məmuru tərəfindən dövlətə vurulmuş ziyan 42 min avro dəyərindən az olarsa, həmin şəxsə rüşvət vermə və rüşvət alma, eləcə də korrupsiya maddələri üzrə cinayət işi açıla bilməz.